Bakıda yaşamaq günü-gündən bahalaşır. Kirayə, ərzaq, nəqliyyat və digər gündəlik xərclər nəzərə alınanda “normal yaşamaq” üçün nə qədər gəlirə ehtiyac var? Bəs Bakıda rahat yaşamaq üçün ayda minimum nə qədər qazanmaq lazımdır?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, hazırda bu sualın dəqiq və tək bir rəqəmlə ifadə olunan cavabı yoxdur:
“Bunun əsas səbəbi cəmiyyətdə bir çox sistem və xidmətlərin formal olaraq ödənişsiz adlandırılmasına baxmayaraq, reallıqda vətəndaşların bu sahələrdə ciddi xərclərlə qarşılaşmasıdır. Keçmiş dövrlərlə müqayisədə hazırda istehlak səbətinin tərkibi və vətəndaşın gündəlik tələbatı kəskin dəyişib”.
İqtisadçı qeyd edib ki, əvvəllər qiymət sabitliyi şəraitində yaşayış xərclərini hesablamaq daha rahat idisə, bu gün istehlak səbətinə yalnız ərzaq deyil, həm də geyim, dərman, eləcə də mobil rabitə və internet kimi məcburi xidmətlər daxildir. Xüsusilə təhsil və səhiyyə sistemindəki mövcud vəziyyətə diqqət çəkən ekspert, “ödənişsiz” adı altında formalaşan “gizli xərclər”in ailə büdcəsinə birbaşa təsir etdiyini vurğulayıb:
“Kağız üzərində pulsuz olan təhsil sistemində normal yaşayış meyarı nəzərə alındıqda, demək olar ki, 1-ci sinifdən 11-ci sinfə qədər bütün uşaqların repetitor hazırlığına getməsi məcburi xərcə çevrilib. Eyni mənzərə səhiyyə sahəsində də müşahidə olunur. Xidmət və ya sığorta çərçivəsində əhatə olunmayan dərmanlar və tibbi prosedurlar vətəndaşın öz cibindən qarşılanır.Bununla yanaşı, ərzaq bazarındakı qiymət fərqləri də xərc hesablamasını çətinləşdirir. Məsələn, eyni keyfiyyətdə olan məhsulun bazar və mağazalarda 12 manatdan 25 manata qədər kəskin fərqli qiymətlərə təklif olunması elmi və institusional cəhətdən əsaslandırılması çətin olan mənzərə yaradır”.
Fuad İbrahimov bildirib ki, Bakıda normal yaşayış anlayışına keyfiyyətli ərzaq, kommunal və rabitə xərcləri, yüngül tibbi ehtiyaclar, təhsil xərcləri ilə yanaşı, ayda ən azı bir dəfə mədəni-maarif ocaqlarını ziyarət etmək də daxil olmalıdır:
“Bu baxımdan, elmi-tədqiqat institutları tərəfindən dəqiq hesablamalar aparılmalı olsa da, mövcud bazar şərtlərinə əsasən, çox minimum hədd kimi ailədə adambaşına 600–650 manat gəlir tələb olunur. Real olaraq isə ailə tərkibində adambaşına düşən xərc 800–1000 manat arasında olduqda Bakı şəhərində "normalın aşağı səviyyəsində" həyatı davam etdirmək mümkündür”.