İran iki fransız diplomatını “persona non qrata” elan edib və onların ölkəyə girişini qadağan edib.
Turkustan.az xəbər verir ki, Tehran diplomatları milli təhlükəsizlik araşdırması zamanı gizli görüşdə yaxalanmaqda və beynəlxalq hüququ, xüsusilə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyətlərdə ittiham edib.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, diplomatların fəaliyyəti ilə bağlı məlumatların üzə çıxmasından bir neçə həftə keçməsinə baxmayaraq, Fransa hökuməti bu cür halların təkrarlanmaması üçün tədbir görməyib.
İran Kəşfiyyat Nazirliyi avqustun 15-də iki fransız diplomatının xarici müdaxilə ilə bağlı milli təhlükəsizlik araşdırması çərçivəsində gizli görüş keçirilən məkanda saxlanıldığını açıqlamışdı. Tehran diplomatların qanunsuz fəaliyyət göstərdiyini iddia edir.
Bu qərar Paris və Tehran arasında diplomatik gərginliyi daha da artırıb. Fransa isə cavab olaraq iki iranlı diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az