Suriyada obyektlərdən birində aşkarlanan nüvə materialının təhlükə yaratmadığı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) təminatları çərçivəsində ölkənin nəzarətində qalacağı bildirilib.
Turkustan.az xəbər verir ki, “Reuters”in məlumatına görə, bunu Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Dəməşqdə MAQATE-nin baş direktoru Rafael Qrossi ilə birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Əş-Şibani bildirib ki, Suriya bu materialdan mülki və dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir.
Qrossi isə agentliyin Suriya hökumətinin obyektlərdən birində nüvə materialının aşkarlandığı barədə məlumat verməsindən sonra həmin əraziyə giriş əldə etdiyini bildirib.
Qeyd edək ki, 2024-cü ilin sonlarında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyanın yeni rəhbərliyi əvvəlki hakimiyyət dövründə həyata keçirilmiş nüvə fəaliyyətləri ilə bağlı məsələlərin araşdırılması üçün BMT-nin nüvə nəzarəti qurumu ilə əməkdaşlıq etməyə razılıq verib.
Suriyanın nüvə silahı proqramı üçün material ehtiyatlarına malik olduğu məlum olmasa da, 2007-ci ildə İsrail ölkənin şərqində, Deyr əz-Zor əyalətində yerləşən və nüvə reaktoru olduğu ehtimal edilən obyektə hava zərbəsi endirib.
Aytən Yaşar/ Turkustan.az