Rusiyalı telejurnalist Aleksey Çadayev Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verib.
Turkustan.az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat yayıb.
"Nəqliyyat nazirinin ictimai əsaslarla müşaviri kimi səlahiyyətlərimi dayandırmaq qərarına gəldim.
Sadə bir şeyi başa düşmək lazımdır. Podkastlarda dediyim, burada yazdığım və ya efirlərdə səsləndirdiyim hər şey pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusunu dərindən araşdıran ekspert kimi yalnız mənim şəxsi qiymətləndirmələrimdir.
Digər tərəfdən isə Rusiya Nəqliyyat Nazirliyi var. O, fundamental dövlət vəzifələri ilə məşğuldur. Xüsusilə, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini qurur və inkişaf etdirir, fasiləsiz tranzit daşımalarının təmin edilməsi ilə bağlı ən mürəkkəb məsələləri həll edir və ölkə iqtisadiyyatının dayandığı çoxsaylı görünməz, lakin kritik əhəmiyyətli işləri həyata keçirir. O cümlədən Azərbaycan istiqamətində.
Qərarımın məntiqi sadədir. Hesab etmirəm ki, kiminsə şəxsi ekspert mövqeyi və ya ictimai açıqlamaları dövlətlərarası münasibətlərə təsir göstərsin və dövlətlərin birgə işinə maneələr yaratsın.
Burada heç bir dram yoxdur. Əsas diqqətim əvvəlki kimi pilotsuzlaşdırma, "Uşkunik", hərbi-mülki inteqrasiya, cəbhə və qələbə üçün zəruri olan hər şey üzərində qalır. Çoxlu vəzifələr var, işimizi davam etdiririk", - deyə Çadayev qeyd edib. /bakivaxti.az/