Rusiya-Ukrayna müharibəsində son hadisələr göstərir ki, tərəflər arasında yaxın zamanda siyasi yumşalma gözləmək çətindir. Rusiya Xarkov vilayətinin Peçenihi yaşayış məntəqəsinə raket zərbələri endirib. Hücum nəticəsində azı 10 nəfər həlak olub, 17 nəfər yaralanıb, yaşayış evləri, poçt binası, mağaza və avtomobillər dağılıb.
Prezident Volodimir Zelenski bunu mülki əhaliyə qarşı məqsədli hücum adlandıraraq Ukraynanın cavab verəcəyini bildirib. Hadisə Moskvanın hərbi obyektlərlə yanaşı, Ukrayna cəmiyyətinin müqavimət iradəsini zəiflədə biləcək infrastruktura da təzyiq göstərməkdə davam etdiyini göstərir.
Ukraynanın cavab strategiyası isə müharibəni Rusiya ərazisinin daha dərinliklərinə daşımaq üzərində qurulur. Son hücum zamanı yüzlərlə pilotsuz uçuş aparatı Moskva vilayəti, Krım və Rusiyanın digər bölgələrinə yönəldilib. Hədəflər arasında enerji və hərbi-sənaye obyektləri, logistika mərkəzləri və müharibənin təminatında istifadə oluna biləcək infrastruktur yer alıb. Bu hücumlar cəbhədə ciddi ərazi dəyişiklikləri yaratmasa da, Rusiyanın hava hücumundan müdafiə sistemini geniş bir coğrafiyada işləməyə məcbur edir. Kiyevin məqsədi yalnız fiziki zərər vurmaq deyil, müharibənin gündəlik təsirlərini Rusiya ictimaiyyətinə də hiss etdirməkdir.
Digər mühüm istiqamət Qara dəniz və Ukraynanın liman infrastrukturudur. Rusiya son günlər İzmail və Odessa bölgəsindəki liman obyektlərinə yenidən zərbələr endirib. Bu hücumlar Ukraynanın taxıl ixracına, iqtisadi gəlirlərinə və Qara dənizdəki ticarət yollarına təzyiq göstərmək məqsədi daşıyır. Türkiyənin mülki obyektlərə və gəmiçiliyə qarşı hücumların dayandırılması ilə bağlı mümkün moratorium ideyasına baxmayaraq, Moskva Qara dənizdə məhdud atəşkəs variantını qəbul etmədiyini açıqlayıb. Bu mövqe göstərir ki, Rusiya limanlara təzyiq imkanını danışıqlar prosesində mühüm vasitə kimi saxlamaq istəyir.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallasın yeni və daha geniş sanksiyalar paketinin hazırlanacağını bildirməsi də təsadüfi deyil. Aİ iyul ayında enerji, maliyyə, kriptovalyuta əməliyyatları və Rusiyanın “kölgə donanması”nı əhatə edən 21-ci sanksiyalar paketini qəbul edib. Kallasın sözlərinə görə, payızda təqdim ediləcək növbəti tədbirlər indiyədək tətbiq olunmuş ən əhatəli məhdudiyyətlərdən biri ola bilər. Məqsəd Rusiyanın enerji gəlirlərini azaltmaq, sanksiyalardan yayınma yollarını bağlamaq və hərbi-sənaye kompleksinin xarici texnologiyalara çıxışını çətinləşdirməkdir. Lakin Macarıstan və bəzi digər ölkələrin iqtisadi maraqları Aİ daxilində vahid qərarın qəbulunu yenə də mürəkkəbləşdirə bilər.
Müharibənin təhlükəli cəhətlərindən biri qarşıdurmanın artıq Ukrayna sərhədləri daxilində qalmamasıdır. Rusiya Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarının öz ərazisinə qarşı istifadə edildiyi barədə məlumatlardan sonra Londona “nəticələr” barədə xəbərdarlıq edib. Moldova ərazisinə Rusiya dronunun düşməsi, Rumıniya hava məkanında başqa bir aparatın vurulması və Avropada Rusiya kəşfiyyatı ilə əlaqələndirilən təxribat planları NATO ölkələrinin narahatlığını artırır. Moskva bu üsulla Qərbə Ukraynaya hərbi yardımın müəyyən siyasi və təhlükəsizlik qiymətinin olduğunu göstərməyə çalışır. Avropa ölkələri isə geri çəkilmək əvəzinə hava müdafiəsini, dron təhlükəsizliyini və kəşfiyyat əməkdaşlığını gücləndirirlər.
Hazırkı mənzərə müharibənin klassik cəbhə qarşıdurmasından uzaqmənzilli raketlər, dronlar, enerji obyektləri, limanlar, iqtisadi sanksiyalar və hibrid əməliyyatların birləşdiyi çoxşaxəli mübarizəyə çevrildiyini göstərir. Tərəflərdən heç biri hələ həlledici hərbi üstünlük qazana bilmədiyi üçün qarşı tərəfin iqtisadi və ictimai dözümlülüyünü sarsıtmağa çalışır. Rusiyanın qış ərəfəsində Ukraynanın enerji sisteminə hücumları artırması, Kiyevin isə Rusiya daxilində daha uzaq hədəflərə yönəlməsi ehtimalı yüksəkdir. Kaja Kallasın açıqladığı sanksiya planı Moskva üzərində təzyiqi yüksəldə bilər, lakin hərbi əməliyyatları dərhal dayandıracaq təsir yaratmayacaq. Buna görə yaxın dövr üçün əsas ehtimal sülh danışıqlarından daha çox, qarşılıqlı zərbələrin coğrafiyasının genişlənməsi və Avropa ilə Rusiya arasında gərginliyin dərinləşməsidir.
Alim Nəsirov / bakivaxti.az