ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ-ın nəzarətində olduğunu və hətta onu ABŞ ərazisi elan edə biləcəyini bildirməsi Vaşinqton-Tehran qarşıdurmasında yeni gərginlik xətti yaradıb.
Trampın bu açıqlaması ABŞ-ın strateji su yoluna nəzarəti gücləndirmək və İranı güzəştlərə məcbur etmək cəhdi kimi qiymətləndirilə bilər. Tehran isə boğaz üzərində nəzarətin İrana məxsus olduğunu bildirərək Trampın sözlərini rədd edib.
Hörmüz boğazı ilə bağlı qarşılıqlı iddialar tərəflər arasında onsuz da dalana dirənmiş diplomatik prosesin fonunda səslənir. İran boğazın ABŞ-ın tələbləri yerinə yetirilənədək bağlı qalacağını bildirir, Vaşinqton isə su yolunun açıq olduğunu və hərbi blokadanın nəzarəti təmin etdiyini deyir. Bu qarşıdurmanın daha da kəskinləşməsi həm hərbi eskalasiya, həm də qlobal enerji bazarında yeni şoklar riskini artırır
Bəs Tramp bu açıqlama ilə nəyi hədəfləyir? Hörmüz uğrunda qarşıdurma ABŞ və İranı yeni hərbi eskalasiyaya sürükləyə bilərmi? Turkustan.az mövzu ilə bağlı Oqtay Qasımovun fikirlərini öyrəndi.

Oqtay Qasımov
Hesab edirəm ki, Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etməsi ilə bağlı səsləndirdiyi fikirlər, ilk növbədə, siyasi ritorika kimi qiymətləndirilməlidir. Necə ki, o, daha əvvəl Qrenlandiya və Kanada ilə bağlı da oxşar iddialar səsləndirmişdi. Çünki ABŞ-ın Hörmüz boğazını öz ərazisi elan etməsi faktiki olaraq ekspansionist siyasət kimi qiymətləndirilə bilər və beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. Hörmüz boğazı ilə bağlı bu iddianın ortaya atılması, əslində, İrana təzyiq vasitəsi kimi nəzərdə tutulur.
Çünki İran hazırda həmin istiqamətdə müəyyən danışıqlar aparır və Hörmüz boğazının iş rejimi ilə bağlı razılaşmalar əldə etməyə çalışır. ABŞ isə bir tərəfdən Hörmüz boğazına, digər tərəfdən İranın enerji resurslarına və hətta boğazdan daşınan yüklərə nəzarət etmək niyyətindədir. Çünki ABŞ-ın gələcək dünya hegemoniyasının əsas istiqamətlərindən biri də boğazlara, keçidlərə, dənizlərə, enerji resurslarına və nadir torpaq elementlərinə nəzarət üzərində qurulur. Yəni, bu bəyanatın hər hansı hüquqi əsası yoxdur.
Bu, daha çox siyasi təzyiq xarakterli bəyanatdır və məhz bu kontekstdə qiymətləndirilməlidir. Şübhəsiz ki, bu ritorika Hörmüz boğazı məsələsində İranla Amerika Birləşmiş Ştatları arasında qarşıdurmanın və gərginliyin davam etməsi kimi dəyərləndirilməlidir. Belə ki, Donald Tramp artıq İranla əldə olunmuş 60 günlük razılaşmanın uzadılmasının tərəfdarı olmadığını bəyan edib. Amerikada aralıq seçkilərdən sonra da İran-ABŞ münasibətlərində gərginliyin davam edəcəyi ehtimalı yüksəkdir.
Çünki tərəflərin əsas məsələlərə yanaşmaları arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Bu fərqlər aradan qaldırılmayana və yekun razılaşma əldə olunmayana qədər gərginliyin davam etməsi ehtimalı böyükdür.
Aytən Yaşar/ Turkustan.az