Xankəndidə məşhur restoranda İNSİDENT: həbs olunanlar var


Xankəndidə məşhur restoranın qarşısında insident olub.

Əldə etdiyimiz xəbərə görə, hadisə Kərkicahan qəsəbəsində yerləşən “Şah əsəri” restoranın qarşısında baş verib.

23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirib şöbəyə dəvət etsələr də, onlar qanuni tələbə məhəl qoymayıblar. Nəticədə onlar saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.

Məlumata görə, hadisə günü həmin restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da məclisdə iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.

Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.


MANŞET XƏBƏRLƏRİ