Ərdoğan: “Fələstin xalqı dimdik ayaqdadır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edən Fələstin Prezidenti Mahmud Abbası rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, iki lider arasında keçirilən görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub.

Ərdoğan çıxışında Fələstindəki vəziyyətin ciddi narahatlıq doğurduğunu bildirib və beynəlxalq ictimaiyyətin buna laqeyd qala bilməyəcəyini vurğulayıb.

“BMT-nin məlumatlarına görə, təkcə 2026-cı ildə təxminən 3 800 fələstinli məskunlaşma terroru, evlərin sökülməsi və məcburi köçürülmə səbəbindən didərgin düşüb. Təxminən 100 fələstinli qardaşımız və bacımız qətlə yetirilib”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, Fələstin dövlətinin suverenliyi və mövcudluğu ciddi təzyiqlərlə üzləşir.

“Suveren Fələstin dövlətinin mövcudluğu sarsılır. Buna laqeyd qalmaq mümkün deyil. Bütün qorxutma və didərgin salma cəhdlərinə baxmayaraq, Fələstin xalqı möhkəm dayanır”, – deyə, Ərdoğan vurğulayıb.

Ərdoğan Fələstinə dəstəyin yalnız Türkiyənin deyil, bütün bəşəriyyətin, xüsusilə İslam dünyasının ortaq məsuliyyəti olduğunu bildirib.

O, Mahmud Abbasla görüşdə ikitərəfli münasibətlərlə yanaşı, işğal olunmuş Fələstin ərazilərindəki son vəziyyətin də ətraflı müzakirə edildiyini qeyd edib.

Türkiyə prezidenti Fələstində planlaşdırılan qanunvericilik və prezident seçkiləri ilə bağlı qəbul ediləcək qərarların müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu proses Fələstin daxilində barışığa, birlik və həmrəyliyin güclənməsinə töhfə verməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ