Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ administrasiyası Ukrayna böhranını həll etmək və uzunmüddətli sülh üçün şərait yaratmaq üçün enerjili və səmimi səylər göstərir.
Turkustan.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin sabah Alyaskada ABŞ prezidenti Donald Trampla görüşünə hazırlıq çərçivəsində Rusiya rəsmiləri ilə görüş keçirib.
Görüşün əvvəlində çıxış edən Putin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar və Ukrayna nümayəndə heyəti ilə ikitərəfli danışıqlar barədə rəsmilərə məlumat verəcəyini bildirib.
ABŞ-ın Ukrayna böhranının həllinə yanaşmasına toxunan Putin deyib:
"Mən bu məsələdə ABŞ-ın hazırkı administrasiyası ilə nə yerdə olduğumuzu izah etmək istəyirəm. ABŞ administrasiyası münaqişəni dayandırmaq, böhrana son qoymaq və ölkələrimiz arasında, Avropada və bütün dünyada uzunmüddətli sülh üçün şərait yaratmaq, bu münaqişədə iştirak edən tərəflər üçün faydalı olacaq razılaşmalar əldə etmək üçün çox enerjili və səmimi işləyir".
Prezident Putin qeyd edib ki, növbəti mərhələdə strateji hücum silahlarına nəzarət sahəsində razılaşmalar əldə olunarsa, bunlar reallaşa bilər.
Aytən Yaşar/ Turkustan.az