Ağcaqanaddan kiçikdir, dişlədiyi yer günlərlə qaşınır - İnfeksionistdən sirli həşəratla bağlı XƏBƏRDARLIQ


Son günlər həşərat dişləmələri ilə bağlı şikayətlərin sayı artıb. Kiçik səpkilər kimi görünən və möhkəm qaşınan əlamətlərin ilk əvvəl birə dişləməsi olduğunu deyənlər çox olsa da, sonradan məlum oldu ki, bu, tamamilə başqa bir həşərat imiş.

Ağcaqanada bənzəsə də ondan daha kiçik olan bu həşəratlar insanlarda narahatlıq yaradır və onların mənşəyi ilə bağlı müxtəlif iddialar ortaya çıxır.

İnfeksionist Ələkbər Seyidov Bizim.Media-ya bildirdi ki, son dövrlərdə bir çox bölgədə belə şikayətlər artır.

Ağcaqanaddan daha kiçik, dişlədiyi yeri günlərlə qaşınan həşəratlar bəzi iddialarda deyildiyi kimi parazit deyil, təbii şəraitdə çoxalan həşəratlardır.

“Moko” adlanan xırda cücülər 1-3 millimetr ölçüdə olur, ağcaqanaddan xeyli kiçikdir. Xüsusilə yay aylarının rütubətli havalarında çoxalır və dişləməsi daha uzunmüddətli qaşınma yaradır. Son intensiv yağışlardan sonra artdığı müşahidə olunub. Xüsusən də yağışlardan sonra günlərlə qalan gölməçələr bu həşərat növünü xeyli artırdı”.

İnfeksionist vurğuladı ki, dişləmə yerini qaşımaq dəridə zədələnmə və infeksiya riskini artıra bilər. Qaşınmanı azaltmaq üçün soyuq kompres və ya həkimin tövsiyə etdiyi antihistamin və ya qaşınma əleyhinə krem istifadə oluna bilər.


MANŞET XƏBƏRLƏRİ