Bu gün, etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməyimdən cəmi üç gün sonra sizinlə burada görüşməkdən böyük məmnunluq duyuram.
Turkustan.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman Bakıda keçirdiyi mətbuat konfransında bildirib. O ilk dəfə 1999-cu ildə Azərbaycana gəldiyini xatırladıb.
“Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu. Bu gün həmin imkanlar barədə fikirlərimi sizinlə bölüşmək istərdim. Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan bu vacib rolu öz üzərimə götürmək üçün bu il geri qayıdarkən gördüyüm ölkədən çox fərqli idi. 2025-ci ilin əvvəllərində mən Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailədə qalırdım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti, mənə bu ölkə haqqında hər hansı bir sinif otağında öyrənə biləcəyim qədər çox şey öyrətdi. Bu gün gördüyüm Azərbaycan ilk səfərimdə təsəvvür edilməsi belə çətin olan şəkildə dinamik, müasir və dünya ilə bağlantıları olan ölkədir. Lakin bir şey heç dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi. Bu münasibətlər baxımından əlamətdar bir dönəmdə Azərbaycana gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın inkişafını təmin etməkdə qərarlıyam".
Səfir Birləşmiş Krallıq və Azərbaycan arasında otuz ildən çox əməkdaşlıq tarixi olduğunu deyib.
"Bu münasibətlər enerji sahəsində başlayıb. BP-nin qabaqcıl investisiyası Azərbaycanın müasir iqtisadi tarixinin formalaşmasına töhfə verib və biz hələ də həmin sağlam təməlin üzərində inşa etməyə davam edirik. Lakin tərəfdaşlığımız enerji sahəsindən çox kənara çıxıb. Bu gün tərəfdaşlıq müdafiə, təhlükəsizlik, ticarət, təhsil, innovasiya və hər iki tərəfdə də dərin köklər salan xalqlararası əlaqələri ehtiva edir. Azərbaycan dəyərli tərəfdaşdır; iki ölkəni bir-biri ilə əlaqələndirən sıx münasibətlər və günümüzün əsas çətinlikləri və imkanları barədə ortaq baxışlar mövcuddur. Məhz buna görə də hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. Bu addım ortaq prioritetlərimiz olan yeni iqtisadi artım imkanlarının yaradılması, təhlükəsizliyin gücləndirilməsi və innovasiyanın təşviqi sahələrində daha dərin əməkdaşlığı təmin edəcək. Birləşmiş Krallıq və Azərbaycan hər iki ölkənin xalqları üçün real faydaları təmin edən ortaq bir gələcək qururlar.
İqtisadi artımın təmin edilməsi Böyük Britaniya hökumətinin prioritetlərindən biridir. Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır. Biz ticarət, investisiya və regional bağlantılar sahəsində daha dərin əlaqələr quraraq iqtisadi əməkdaşlığın yeni mərhələsini dəstəkləyirik. Bu, gələcək nəsillər üçün sabit və çiçəklənən iqtisadi mühit yaradaraq, həm Britaniya, həm də Azərbaycan xalqına, eləcə də biznes müəssisələrinə fayda gətirəcək”, səfir deyib. /modern.az