ABŞ prezidentinin açıqlaması İrəvanı son mesajları ciddi oxumağa çağırır; Tramp sülh prosesini sürətləndirə biləcəkmi?
Ötən həftə ABŞ Prezidenti Donald Tramp Güney Qafqazla bağlı mühüm bir açıqlama verdi. Bildirdi ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır. Bundan əlavə, Zəngəzur dəhlizi məsələsində Birləşmiş Ştatların qardaş Türkiyə ilə birgə prosesin içində olduğu da üzə çıxdı.
“Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ABŞ Prezidenti Donald Trampa çox minnətdarıq”. Bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə bildirib.
“Onun (ABŞ prezidentinin - red.) beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də özünün diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir çox səbəbdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"na gəldikdə, onu dibinə qədər qurutsun", - dövlət başçısı qeyd edib.
Ermənistanla sülh sənədini tezləşdirməyə gəlincə, Prezident ilkin mərhələdə onun paraflana biləcəyini istisna etməyib. Eyni zamanda sülh müqaviləsi üçün rəsmi Bakının iki şərtini bir daha yada salıb. Bu xüsusda Paşinyan hökumətini “ev tapşırıqları”na ciddi yanaşmağa çağırıb.
“Real danışıqlar 2024-cü ilin yanvarında başladı. Bizim hazırladığımız mətnin layihəsi üzərində iş getdi və razılaşdırıldı. Ermənistan iki bəndi əlavə etmək istəmirdi. Lakin prezident Donald Tramp seçkidə qalib gələn kimi onlar həmin iki bəndi əlavə etdilər. Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk Qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər”, - İlham Əliyev əlavə edib.
Bəs indi yolun harasındayıq? Tramp həqiqətən də sülh prosesini sürətləndirə biləcəkmi? Rəsmi Bakı ona necə kömək ola bilər?
Bu arada, Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistan və Azərbaycan həqiqətən sülh müqaviləsinin imzalanmasına yaxındır. Onun sözlərinə görə, Minsk Qrupunun ləğvi və ilkin imzalanma məsələsi fəal müzakirə olunur, lakin bütün detallar hələ razılaşdırılma mərhələsindədir. Eyni zamanda mətbuat katibi qeyd edib ki, Ermənistan regionda nəqliyyat əlaqələrinin tam açılmasında maraqlıdır.
“Minsk Qrupu mexanizmlərinin ləğvi və sülh sazişinin mümkün imzalanmasına gəlincə, bu, İrəvan üçün aydın gündəmdir, hazırda bunun hansı şəraitdə baş verə biləcəyi ilə bağlı fəal müzakirələr aparılır. Konstitusiya məsələsinə gəlincə isə Paşinyan dəfələrlə bəyan edib ki, sülh sazişi imzalandıqdan sonra Konstitusiya Məhkəməsi bunu konstitusiyaya zidd hesab edərsə, onun özü Ermənistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək. O vaxta qədər bunun üçün heç bir əsas yoxdur, çünki Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü il sentyabr tarixli qərarı ilə konstitusiyamızda heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını müəyyən edib. Paşinyan hələ 2018-2020-ci illərdə Ermənistanın yeni konstitusiyasının qəbul edilməsinin zəruriliyi ilə bağlı müzakirələrə başlayıb və hazırda bu məsələ aktiv institusional müzakirə mərhələsindədir. Amma bu, Ermənistanın daxili gündəliyi məsələsidir və onun Azərbaycanla danışıqlara heç bir aidiyyəti yoxdur”, - o bildirib.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, ABŞ lideri bundan az əvvəl də tərəflərin sülh sazişini tezliklə imzalayacağına ümid etdiyini açıqlamışdı. Q.Hüseynli xatırladıb ki, dövlət katibi Rubio da oxşar məzmunda bəyanatla çıxış etmişdi: “Son olaraq isə Əbu-Dabidə keçirilən 5 saatlıq görüşün təşkilində də Birləşmiş Ştatların rolu olub. Bunu Dövlət Departamentinin sözçüsü təsdiqləmişdi. Beləliklə, Rusiya danışıqlardan kənarda saxlanmaqdadır. Bu prosesin inkişaf etdirilməsi mümkündür. Əgər Bakı və İrəvan arasında etimad mühiti daha da irəliləsə, növbəti görüşlər keçirilə bilər. Onsuz da Əbu-Dabidə tərəflər növbəti danışıqlara razılaşıblar. Odur ki, ABŞ-ın aşkar moderatorluğu olmadan, ikitərəfli danışıqlar formatında sülh prosesini irəliyə apara bilərik. Fikrimcə, Donald Tramp prezidentliyi dönəmində dəstəyi davam etdirəcək. Ən azından Ukrayna böhranı Rusiyanın vasitəçi kimi yaxınlaşmasına imkan verməyəcək. Bu da ABŞ üçün fürsət qazandırır. Azərbaycan və Ermənistan da moderatorsuz müzakirələrdə maraqlıdır”.
Professor hesab edir ki, sülh mətnini paraflamaq əsas gözləntidir və ilin sonuna qədər istisna edilmir: “Bunu cənab Prezident də niyyət kimi söylədi. Ermənistanın da etirazı olmaz. Amma yekun sənədin gələn ilə, yaxud 2027-yə imzalanması gözlənilir. Çünki o vaxta qədər Paşinyan seçkiləri keçirməlidir, sonra Bakının iki məlum tələbini icra etməlidir. Sülh müqaviləsi asan proses deyil. Ortada 30 il davam etmiş münaqişə, maraqlı tərəflər, müdaxilə edən kənar güclər var. Bu problemi tezliklə həll etmək üçün böyük problemlər aradan qalxmalıdır. Xüsusən də Paşinyan Ermənistanda böyük inqilab etməkdədir. Hər halda, biz tələsmirik. Azərbaycan suverenliyini bərpa edib və sülh sazişini də ən mükəmməl variantda imzalayacağıq. ABŞ isə buna qədər dəstəyi gücləndirəcək”.
Siyasi şərhçi Asif Nərimanlı isə hesab edir ki, sülh sazişinin paraflanmasında əsas maraqlı tərəf Ermənistandır: “Paşinyan bundan növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir. Ermənistan hakimiyyətinin əsas niyyəti 17 maddəlik mətndən kənar müzakirə edilən məsələləri - konstitsiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, Minsk Qrupunun de-yure buraxılması və s. arxa fona keçirməkdir. Bunu anlayan rəsmi Bakı iki tələbdə - konstitusiyanın dəyişdirilməsi, Minsk Qrupunun buraxılması məsələsində israr edir. Lakin sazişin paraflanması masada müzakirə edilirsə, bu, tərəflərin mövqelərində yaxınlaşma olduğu ehtimalını da gücləndirir. Və "sülh sazişinə dair "ilkin razılaşma" variantı hansı halda mümkün ola bilər" sualını aktuallaşdırır".
Onun fikrincə, Ermənistan Zəngəzur dəhlizinin Azərbaycana Naxçıvana maneəsiz çıxışının təmin edilməsi ilə açılması üzərində üçüncü tərəflərin zəmanəti ilə öhdəlik götürür: “Paşinyanın son açıqlaması - Ermənistanın "autsorsinq" təcrübəsinin olduğu və bunun ölkənin suverenliyini məhdudlaşdırmadığı haqda dedikləri dəhlizin “Amerika variantı” ilə açılmasına loyal yanaşdıqlarını deməyə əsas verir; belə variantın region üçün uzunmüddətli risklər vəd etdiyi də istisna deyil, hərçənd mövcud şərtlərdə alternetivlər də görünmür; Azərbaycan “ilkin razılaşma”ya isti yanaşmır, lakin mövcud konyuktura sərfəli olacağı təqdirdə, sülh sazişinin paraflanması bu variantlarda mümkün görünür".