Pakistan və Əfqanıstan arasında gərginlik yenidən artıb.
Məlumata görə, ötən gün gecə saatlarından etibarən döyüşlər başlayıb.
Hər iki tərəfdən ölü və yaralıların olduğu bildirilir. İki ölkənin rəsmiləri atəşkəsin pozulmasına görə bir-birini ittiham edir. Əfqanıstandakı “Taliban” hökumətinin sözçüsü Zəbiullah Mücahid "X" platformasında paylaşdığı məlumatda bildirib ki, Pakistan qüvvələri Qəndəhar vilayətinin Spin-Buldak istiqamətində hücuma keçib və buna cavab olaraq Əfqanıstan qüvvələri atəş açıb.
Pakistan baş nazirinin sözçüsü Müşərraf Zəyidi isə əksinə, məhz Əfqanıstan qüvvələrinin “səbəbsiz atəş açdığını” və İslamabadın “sərhədinin toxunulmazlığını və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tam ayıq-sayıq olduğunu” bəyan edib.
AFP-yə danışan sərhəd sakinləri atışmanın gecə yarısı başladığını və təxminən iki saat davam etdiyini bildiriblər. Qəndəhar informasiya idarəsinin rəhbəri Əli Məhəmməd Hakmalın sözlərinə görə, Pakistan ordusu həm yüngül, həm də ağır artilleriyadan istifadə edib, minaatan mərmilərindən bəziləri mülki evlərə düşüb.
İki ölkə arasında münasibətlər 2021-ci ildə “Taliban”ın hakimiyyətə qayıdışından sonra daha da pisləşib. Pakistan Kabulu “Təhrik-e-Taliban Pakistan” (TTP) kimi silahlı qruplara sığınacaq verməkdə günahlandırır. Bu həftə sərhəd yaxınlığında TTP tərəfindən törədildiyi bildirilən bomba partlayışında üç pakistanlı polis zabiti həlak olub. İslamabad, həmçinin, Əfqanıstanın Bəlucistan Azadlıq Ordusuna da sığınacaq yaratdığını iddia edir.
Əfqanıstan tərəfi ittihamları rədd edir və Pakistanı “dezinformasiya yaymaqda və sərhəddə gərginlik yaratmaqda” suçlayır. Oktyabr ayında baş verən ağır döyüşlər bir həftə davam etmiş, onlarla insan həlak olmuş, yüzlərlə nəfər yaralanmışdı. 19 oktyabrda Doha şəhərində imzalanan atəşkəs razılaşmasına baxmayaraq, tərəflər arasında Qətər, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılan sonrakı danışıqlar da nəticə verməyib.
Səudiyyə Ərəbistanında keçirilən ən son danışıqlar turu da uğursuz başa çatıb, lakin hər iki tərəf mövcud, həssas atəşkəsi davam etdirmək barədə razılığını ifadə edib./modern.az