Vəhdət partiyasında veteranlardan birlik mesajı – FƏRQ QOYULMASIN


Vəhdət Partiyasının qərargahında müharibə veteranları ilə keçirilən görüşdə qazilərin sosial müdafiəsinin gücləndirilməsi, dövlət tərəfindən göstərilən qayğı mexanizmlərinin təkmilləşdirilməsi və sosial təminatla bağlı yeni təşəbbüslərin hazırlanması geniş şəkildə müzakirə olunub. Tədbirdə iyirmiyə yaxın qazi iştirak edib və onların gündəlik həyatlarında üzləşdikləri çətinliklər, reabilitasiya, məşğulluq və sosial təminat sahəsində ehtiyaclar diqqətlə dinlənilib.

Partiya sədri Adəm İsmayıl Bakuvi çıxışında Azərbaycan dövlətinin müharibə veteranlarına göstərdiyi qayğının ardıcıl və sistemli şəkildə artdığını vurğulayıb: “Azərbaycan dövləti öz qəhrəman övladlarına yalnız sosial qayğı göstərmir, həm də onların timsalında dövlətçilik təfəkkürünün əsas dayaqlarını görür. Qazi statusu bizim üçün təkcə sosial hüquq deyil, milli şərəf və dövlətçilik rəmzidir. Qazilər dövlətin gücünü, iradəsini və ehtiramını hər addımda hiss etməlidirlər.”

Görüşdə "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təmsilçisi Əhli Həbiyev, Aqil Əliyev, ehtiyatda olan polkovnik Xətai Baxışov və digər natiqlər çıxış ediblər. Çıxış edənlər vurğulayıblar ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları eyni Vətənin müdafiəçiləridir və buna görə də onlara yanaşmada heç bir fərqləndirmə olmamalıdır: “Biz hamımız eyni torpaq uğrunda döyüşmüşük. Zaman fərqli ola bilər, amma məqsəd eynidir. Cəmiyyətin yanaşmasında Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları arasında heç bir fərq qoyulmamalıdır”.

Onlar sosial müdafiə sahəsində atılan addımları yüksək qiymətləndirsələr də, reabilitasiya xidmətlərinin daha əlçatan olması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinə inteqrasiyanın genişləndirilməsi və məşğulluq proqramlarının artırılması istiqamətində yeni təşəbbüslərin vacibliyini vurğulayıblar.

Görüşdə müzakirə olunan məsələlərdən biri də hazırkı 80 manatlıq sosial müavinətin artırılması olub. Qazilər bildiriblər ki, bu məbləğ real sosial ehtiyacları qarşılamır və müavinətin artırılması onların rifahına ciddi dəstək olacaq. Onlar Vəhdət Partiyasından bu məsələnin aidiyyəti dövlət qurumlarına çatdırılmasında dəstək göstərilməsini xahiş ediblər.

Müzakirələrin yekununda çıxış edən sədr Adəm İsmayıl Bakuvi bu məsələnin daim diqqət mərkəzində olduğunu qeyd edib: “Qazinin qayğısına qalmaq dövlətçilik düşüncəsinin əsas sütunlarındandır. Biz bu məsələni təkcə maliyyə məsələsi kimi deyil, dövlət–veteran münasibətlərinin strateji xətti kimi görürük və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.”

Çıxış edənlər belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edərək ictimai birliklər və siyasi partiyalar arasında sıx əməkdaşlığın veteranların problemlərinin daha operativ və effektiv həllinə xidmət edəcəyini vurğulayıblar. Tərəflər Vəhdət Partiyasında görüşlərin davamlı təşkilinin məqsədəuyğun olduğunu bildiriblər.


MANŞET XƏBƏRLƏRİ