Orqan və toxuma donorluğu müasir tibbin insan həyatının xilas edilməsinə xidmət edən mühüm istiqamətlərindən biri olmaqla yanaşı, həm də yüksək humanizm və sosial məsuliyyət nümunəsidir. Donorluq insanın həyatını itirdikdən sonra belə cəmiyyətə fayda verməsinə, digər insanların yaşamaq şansının artırılmasına imkan yaradır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist və yazar Rövşən Hüseynov da ölümündən sonra orqanlarının bağışlanmasına dair razılıq sənədini imzalayan vətəndaşlardan biridir. O, bu qərarı yalnız fərdi seçim kimi deyil, insan həyatına və cəmiyyətə münasibətin ifadəsi kimi dəyərləndirir.
Rövşən Hüseynovun sözlərinə görə, onun donorluğa münasibəti yalnız şəxsi qərarından deyil, ailəsində yaşanan hadisədən sonra formalaşan ictimai düşüncədən qaynaqlanır.
“Donor nədir və insan niyə donor olur?” sualına cavab verən jurnalist bildirib ki, onun üçün bu anlayışın mahiyyəti ilk növbədə həyat vermək və ehtiyacı olan insana təmənnasız dəstək göstərməkdir.
Onun övladı Hüseyn Hüseynzadənin öz sağlamlığından kiçik qardaşı Təbriz Hüseynzadəyə pay verərək sümük iliyi donoru olması ailədə donorluğun əhəmiyyəti ilə bağlı xüsusi düşüncə formalaşdırıb.
“Övladım Hüseyn Hüseynzadə öz sağlamlığından kiçik qardaşı Təbriz Hüseynzadəyə pay verərək sümük iliyi donoru oldu. Bu hadisədən sonra donorluğun insan həyatı üçün nə qədər böyük əhəmiyyət daşıdığını daha yaxından dərk etdim və bu istiqamətdə maarifləndirmə fəaliyyətinə başlamağı özüm üçün mənəvi məsuliyyət hesab etdim”, – deyə Rövşən Hüseynov bildirib.
O qeyd edib ki, bu məqsədlə “Azərbaycan Könüllü Qan Donorları” səhifəsini yaradaraq insanları könüllü və təmənnasız şəkildə bir-birinə dəstək olmağa təşviq etməyə çalışıb.
Rövşən Hüseynovun sözlərinə görə, donorluq yalnız tibbi prosedur və ya hüquqi qərar deyil, eyni zamanda insan həmrəyliyinin, mərhəmətin və sosial məsuliyyətin mühüm təzahürüdür.
“Xeyriyyəçilik üçün böyük maddi imkanlara sahib olmaq vacib deyil. Bəzən insanın verə biləcəyi ən böyük töhfə onun özündən sonra başqa bir insana yaşamaq imkanı yaratmasıdır. Donor olmaq, əslində, həyat verməkdir”, – deyə o vurğulayıb.
Jurnalist bildirib ki, təxminən bir il əvvəl ölümündən sonra orqanlarının bağışlanması ilə bağlı rəsmi razılıq sənədini imzalayıb. Onun sözlərinə görə, bu qərarı verərkən heç bir tərəddüd yaşanmayıb.
“Mən orqanlarımı bağışladım və bu addımı atanda heç bir tərəddüd etmədim. Sağlığımda cəmiyyətə yetərincə fayda verə bilməmişəmsə belə, ölümündən sonra bir neçə insanın həyatına töhfə vermək imkanımın olması mənim üçün mühüm mənəvi dəyərdir. İnanıram ki, insanın dünyadan köçdükdən sonra belə başqa bir insana yaşamaq şansı verməsi ən ali humanizm nümunələrindən biridir”, – deyə R.Hüseynov qeyd edib.
O, cəmiyyətdə donor anlayışına münasibətin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Jurnalistin fikrincə, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi, donorluğun mahiyyəti, tibbi və hüquqi əsasları barədə cəmiyyətə düzgün və sistemli məlumatların çatdırılması insanların bu məsələyə münasibətinin formalaşmasına mühüm təsir göstərə bilər.
“Təəssüf hissi ilə qeyd edirəm ki, bu gün ölkəmizdə donorluqla bağlı maarifləndirmə işləri arzuolunan səviyyədə deyil. İnsanların bu məsələyə yanaşması da hər zaman ürəkaçan olmur. Halbuki donor olmaq insan həyatına verilən ən böyük dəstəklərdən biridir. İnsan həyatını xilas etməkdən daha böyük savab və daha müqəddəs xeyirxahlıq nümunəsi nə ola bilər?” – deyə R.Hüseynov bildirib.
Onun sözlərinə görə, donor anlayışının cəmiyyətdə yalnız qanvermə ilə məhdudlaşdırılmaması, sümük iliyi, orqan və digər donor istiqamətləri barədə də ictimai məlumatlılığın artırılması vacibdir.
Rövşən Hüseynov hesab edir ki, donorluğun təşviqi insanların həyatına müdaxilə edən və ya onları hər hansı qərara məcbur edən yanaşma ilə deyil, könüllülük, məlumatlı seçim və humanizm prinsipləri əsasında həyata keçirilməlidir.
“İnsanlara donorluğun mahiyyətini anlatmaq lazımdır. Qərar hər bir şəxsin öz iradəsi ilə verilməlidir. Lakin cəmiyyət olaraq bilməliyik ki, bu gün bizim üçün adi görünən bir qərar sabah başqa bir insan üçün həyat demək ola bilər. Donor olmaq sadəcə qan, sümük iliyi və ya orqan vermək deyil. Donor olmaq insanın başqa bir insana ümid verməsidir”, – deyə jurnalist vurğulayıb.
O, ictimaiyyətə müraciət edərək vətəndaşları donorluq barədə məlumatlanmağa və könüllü donor olmaq imkanlarını nəzərdən keçirməyə çağırıb:
“Bu gün ölkəmizdə və dünyada yaşamaq ümidi ilə müalicə gözləyən insanlar var. Onlara dəstək olmaq hər birimizin mənəvi borcudur. Donorluq könüllülük və humanizm üzərində qurulan bir dəyərdir. Əgər bir insanın qərarı başqa bir insana həyat şansı verə bilirsə, bu imkanın mahiyyətini cəmiyyətə anlatmaq bizim hamımızın məsuliyyətidir”.
Rövşən Hüseynovun fikrincə, donorluğun inkişafı yalnız tibbi sistemin deyil, bütövlükdə cəmiyyətin iştirakını tələb edir. Bu istiqamətdə dövlət qurumları, tibb ictimaiyyəti, media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının birgə maarifləndirmə fəaliyyətinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, ölümündən sonra orqanlarını bağışlamaq istəyən vətəndaşlar Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin rəsmi internet resursunda “Donor ol” bölməsi vasitəsilə elektron formada müraciət edə bilərlər.
Donorluq insan həyatının xilasına xidmət edən tibbi imkan olmaqla yanaşı, cəmiyyətin humanizm, həmrəylik və sosial məsuliyyət dəyərlərinin göstəricisidir. Donor olmaq isə bir insanın özündən sonra belə başqa bir insana həyat və ümid bəxş edə biləcəyinə inamdır.
