Səfəvilərdən Qızılbaşlara


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

IV Yazı
Şah İsmayıl Xətainin dövründə (1501-1524) qurucusu və yaradıcısı olduğu Qızılbaş dövlətinin idarəetmə aparatı türk hərbiçi boy-tayfalardan olan qızılbaş əyanlarının üstünlüyünə əsaslanan mərkəzləşdirilmiş teokratik ələvi monarxiyası idi.Dövlət idarəçiliyi dini (mənəvi) və dünyəvi hakimiyyətin bir rəhbərdə-şahda birləşməsi ilə xarekterizə olunurdu.

Bayraq
Şah İsmayılın hakimiyyəti dövründə üzərində dolunay və ya günəş təsviri olan yaşıl bayraqlardan istifadə edilirdi.Dolunay-Ayın Günəşə görə Yer kürəsinin əks tərəfində qaldığı və tam bir disk şəklində parlaq görüldüyü ay fazasıdır.
Dövlət Aparatının Əsas Vəzifələri
Dövlət aparatı struktur baxımından əsasən iki qola ayrılırdı: Hərbi-inzibati (türk-qızılbaş əyanları) və Mülki-vahid (türk məmurlar).
Şah: Qızılbaş dövlətinin mütləq hakimi idi.O, həm dünyəvi hökmdar, həm də qızılbaşların müqqədəs saydığı dini ali rəhbər (mürşidi-kamil) hesab olunurdu.
Vəkil:Şahdan sonra Qızılbaş dövlətində ikinci ən mühüm vəzifə idi. Vəkil şahın tam hüquqlu müavini sayılır,həm dini,həm də dünyəvi işlərə (ordu və mülki idarəçiliyə) nəzarət edirdi.Şah İsmayıl Xətai dövründə bu vəzifəyə ilk olaraq onun tərbiyəçisi (lələsi) Hüseyn bəy Şamlı təyin edilmişdi.
Əmirülüməra (Baş əmir) : Qızılbaş ordusunun baş komandanı idi: Bu vəzifəyə yalnız hərbçi və nüfuzlu qızılbaş türk boy başçıları gətirilirdi.
Vəzir: Dövlətin mülki,maliyyə və inzibati işlərinə rəhbərlik edirdi.Bu vəzifəyə adətən savadlı,bürokratik təcrübəsi olan türk əsillər təyin olunurdu.
Sədr: Dini işləri və vəqf mülkiyyətini idarə edən ən yüksək dini vəzifəli şəxs idi.Qızılbaş dövlətinin hər bölgəsində ələviliyin yayılması və məhkəmə işlərinə nəzarət onun öhdəsində idi.
Qorçubaşı: Şah qvardiyasının (Qızılbaş dövlətinin daimi və peşəkar ordusunun) və qorçular adlanan elit süvari ordusunun komandanı idi.Qızılbaş şahlarının seçmə qvardiya döyüşçülərinin qorçuların başçısı olub dövlətin sütunu hesab olunurdu. Bütün qorçuların işini qorçubaşı idarə edirdi.Qorçuların maaşları və tiyulları qorçubaşının icazəsi və təsdiqi ilə verilirdi
Bəylərbəyi:Qızılbaş dövlətində müəyyən vilayətin hakimi hesab olunurdu.O,inzibati vəzifə daşımaqla yanaşı,yerli feodal qoşununun dəstəsinə də başçılıq edirdi.Bəylərbəyi şah tərəfundən təyin olunurdu və xüsusi hallarda bu vəzifə irsi olaraq nəsildən-nəsilə keçirdi.Qızılbaş dövlətinin ərazisidə 13 bəylərbəyi var idi. Onlardan 4-ü Azərbaycan ərazisində idi.
Məşvərət Orqanı
Dövlətin mühüm siyasi,hərbi və iqtisadi məsələlərini müzakirə etmək üçün Ali Məclis (və ya Dövlət Şurası ) fəaliyyət göstərirdi. Bu məclisə şahın rəhbərliyi ilə vəkil,vəzir, əmirülüməra və qızılbaş boylarının (Şamlı,Ustaclı,Təkəli,Qacar, Əfşar, Zülqədər və sairə) başçıları daxil idilər.
Yerli idarəetmə
Qızılbaş dövləti inzibati cəhətdən bəylərbəyliklərinə və tümənlərə bölünürdü.Vilayətləri şahın təyin etdiyi və geniş inzibati səlahiyyətlərə malik hakimlər (bəylərbəyilər) idarə edirdi.Şah İsmayılın dövrünün ən mühüm bəylərbəyliyi mərkəzi Təbriz olan Azərbaycan bəylərbəyliyi idi. Qızılbaş dövlətinin paytaxtı da Təbriz şəhəri idi.
Şah İsmayıl Xətai dövründə Ələvilik
Şah İsmayılın dövründə ələviliyin (və ya tarixi adı ilə Qızılbaşlığın) yayılması, Qızılbaş dövlətinin qurulması,hərbi qüdrətinin artması və regionun dini-siyasi mənzərəsinin dəyişməsi ən həlledici amil olmuşdur.
Şah İsmayıl dövründə ələviliyin yayılmasının əsas istiqamətləri və xüsusiyyətləri aşağıdakılardır:
1.Siyasi və Hərbi Güc Qızılbaşlıq Hərəkatı
Səfəviyyə təriqəti Şah İsmayılın babası Şeyx Cüneyt və atası Şeyx Heydər dövründən başlayaraq sufi təriqətindən siyasi-hərbi bir hərəkata çevrilmişdi.Şeyx Heydərin tərəfdarlarına 12 imamın şərəfinə 12 zolaqlı çalma qoydurması ilə bu hərəkat tarixdə Qızılbaş adını aldı.Şah İsmayıl 1501-ci ildə Təbrizdə taxta çıxandan sonra On iki imam ələviliyini dövlətin rəsmi dini elan etdi və bu inanc siyasi idarəçiliyin əsasına çevrildi.
2.Ələviliyin Anadolu Türkmənləri Arasında Yayılması
Ələviliyin və Qızılbaşlığın ən sürətli və kütləvi yayıldığı coğrafiyalardan biri Osmanlı nəzarətindəki Anadolu idi.
Sosial səbəblər: Osmanlı dövlətinin mərkəzləşmə siyasəti və köçəri və yarımköçəri türkmən tayfalarını vergiyə cəlb edilməsi Anadoluda böyük narazılıq yaradırdı.
Xilaskar obrazl: Şah İsmayılın öz doğma dilində (Azərbaycan türkcəsində) yazdığı şeirlər və göndərdiyi xəlifələr (dini nümayəndələr) vasitəsi ilə Anadolu türkmənləri üçün həm mənəvi rəhbər (pir) həm də siyasi xilaskar simasına çevrildi.Ustaclı,Şamlı,Rumlu,Təkəli,Zülqədər kimi böyük Anadolu tayfaları dəstələr halında Səfəvi mərkəzinə axışaraq Şah İsmayılın ordusunun əsas nüvəsini təşkil etdilər.
3.”Xətai” Təxəllüsü və Ədəbiyyatın Rolu
Şah İsmayıl təxəllüsü ilə yazdlğı poetik əsərləri ələviliyin yayılmasına güclü bir təbliğat vasitəsi oldu.
Onun heca və əruz vəzndə yazdığı, Həzrəti Əli,Əhli-beytə və On iki imama sevgini tərənnüm edən şeirləri (nəfəsləri) Anadoludakı ozanlar, aşıqlar və dərvişlər vasitəsilə dildən dilə ötürüldü.Bu gün də Anadolu ələviliyində (Cem ibadətlərində) Pir Sultan və Kul Himmət kimi məşhur ələvi şairləri ilə yanaşı, Şah İsmayıl Xətai “Yeddi Ulu Ozan” dan biri kimi qəbul edilir və onun nəfəsləri müqəddəs bədii mətnlər kimi oxunur.
4.Coğrafi genişlənmə
Şah İsmayılın hərbi yürüşləri nəticəsində ələvi-qızılbaş ideologiyası yalnız Azərbaycan və Anadolu ilə məhdudlaşmayıb,daha geniş əraziyə yayıldı:
İran və İraq:Bu bölgələrdə ələviliyin On iki imam qolu rəsmiləşdirildi və müqəddəs ziyarətgahlar (Nəcəf,KərbalaMəşhəd) Qızılbaş dövlətinin himayəsinə keçdi.
Suriya və Livan: Şimali Suriya türkmənləri arasında qızılbaşlıq gücləndi.
5.Osmanlı-Qızılbaş Rəqabəti və Nəticələri
Ələviliyin Qızılbaş ideologiyası kimi Anadoluda kütləviləşməsi Osmanlı imperiyası tərəfinfən ciddi siyasi və hərbi təhlükə kimi qəbul edildi.
Anadoludakı qızılbaş yönümlü üsyanlar (məsələn Şahqulu üsyanı) və Şah İsmayılın təsirini azaltmaq məqsədilə Osmanlı sultanı I Səlim (Yavuz) qızılbaşlara qarşı sərt tədbirlər gördü.
1514-cü il Çaldıran döyüşündən sonra Qızılbaşların Anadoludakı birbaşa siyasi təsiri zəifləsə də,ələvilik gizli və qapalı icmalar şəklində Anadolunun daxili bölgələrində öz varlığını və Səfəvi xanədanına mənəvi bağlılığını əsrlərlə qoruyub saxladı.
Xülasə: Şah İsmayıl dövrü ələviliyin təkcə mistik bir sufi təriqəti olmaqdan çıxıb,milli-siyasi layihəyə,dövlət ideologiyasına çevrildiyi və geniş türk coğrafiyasında qızıl dövr hesab olunur.
Şah İsmayıl Xətai şəxsiyyətinə ən dəqiq qiyməti Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadə vermişdi. O yazırdı: “Uzun illər boyu ətrafındakı xalqlar arasında dərin nüfuza malik olan və Ərdəbildəki Şeyx Səfi ocağından çıxan Şah İsmayıl dövlətini qurmaq üçün hərəkətə keçir.Qızılbaş dövlətinin rəhbəri həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi.Arxalandığı qüvvələr isə tamamilə türk boyları idi.Onun sadə bir türkcə ilə yazılan ilahiləri Azərbaycan hüdudlarını aşaraq bütün türk coğrafiyasının ruhuna hakim olmuşdur. Şah İsmayılın sarayı Azərbaycan-türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi.Səfəvi-Qızılbaş sarayının rəsmi dili də türkcə idi.Qonşu dövlətlərə göndərdiyi məktublar türkcə yazılırdı.Qızılbaş dövlətinin Osmanlılara göndərdiyi məktublar türkcə ikən,Osmanlı sarayının Səfəvilərə yazdıqları məktublar isə farsca idi. Çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türk –tacidar” deyə xitab edirdilər.”
Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı .Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.
Şah İsmayıl Xətainin Yaradıcılığı (Şairliyi)
Təxəllüsü: Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır.
Dil və üslub: Əsərlərini əsasən Azərbaycan türkcəsində qələmə almışdır.
Əsas əsərləri: “Dəhnamə” məsnəvisi,eləcə də zəngin lirik şeirlər(ilahilər, qəzəllər,qoşmalar, gəraylılar) və nəfəslər müəllifidir.Onun poeziyası ana dilli şeirimizə sənətkarlıq və ruh zənginliyi gətirmişdir.
Qəzəl
Yarı gördüm bu gün xəndan oturmuş,
Yanağı tazə güli-reyhan oturmuş.
Hüzinə qarşu qönçə güldikiçün
Səhər ağzına çalmış qan oturmuş
Səninlə hüsn içində bəhs edənlər
Necə peşman olub heyran oturmuş
Sənin simin zənəxdanında,ey dust,
Nə həddim var desəm dəndan oturmuş.
Ardı var


MANŞET XƏBƏRLƏRİ