Husilərin Səudiyyə Ərəbistanına hücumlarında 73 nəfər yaralandı


Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarının ölkəyə həyata keçirdiyi son hücumlar nəticəsində 73 nəfərin yaralandığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Turki əl-Maliki X sosial media hesabında yayımladığı açıqlamada Husilərin Səudiyyə Ərəbistanını, onun vətəndaşlarını və milli imkanlarını hədəfə almasını “məsuliyyətsiz və düşmənçilik xarakterli” addım kimi qiymətləndirib.

Malikinin sözlərinə görə, Husilərin Əbha, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərində mülki və kommersiya obyektlərinə son hücumları nəticəsində 73 nəfər yaralanıb. O, hücumların Səudiyyə Ərəbistanının suverenliyinin açıq şəkildə pozulması və ölkənin təhlükəsizliyinə təhdid olduğunu bildirib.

Koalisiya sözçüsü hücumların Səudiyyə Ərəbistanının iqtisadi imkanlarına zərər vurmaq məqsədi daşıdığını iddia edib.

Maliki bildirib ki, Ərəb Koalisiyası qüvvələri Husi hücumlarını zərərsizləşdirmək və “bu aqressiv davranışa qətiyyətlə qarşı çıxmaq” üçün bütün zəruri əməliyyat tədbirlərini görəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ