“Müqavimət oxuna (İranın Yaxın Şərq ölkələrindəki proksi qüvvələri və ya terrorçu qruplaşmalarına - red.) qarşı istənilən fəaliyyətə sərt cavab veriləcək”.
Turkustan.az xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında bağlanmış müdafiə paktına dair məqaləsində bildirilib.
Nəşr iddia edib ki, əgər bu razılaşma Yəməndə “Ənsarallah” hərəkatı və digər proksi qruplara təhdid yaratsa, İranın cavabı diplomatik bəyanatlarda yox, meydanda veriləcək.
“İran İslam Respublikası mehriban qonşuluq münasibətlərinə hörmət etməklə yanaşı, həmişə qonşularına xəbərdarlıq edib ki, keçmişin acı təcrübələrindən dərs çıxarsınlar və öz təhlükəsizliklərini nümayiş xarakterli oyunlara və əsas tərəfi ABŞ olan saxta ittifaqlara bağlamasınlar. Region ölkələri nəzərə almalıdırlar ki, müqavimət oxuna qarşı istənilən fəaliyyətə sərt cavab veriləcək və İran İslam Respublikası təşkilatlanmış sui-qəsdlər və planlar qarşısında ən kiçik tərəddüd belə göstərməyəcək”, - mənbə əlavə edib./teleqraf