Kamil Şahverdi
(əvvəli BU LİNKDƏ)
...Qışı Ərçıvanda keçirdikdən sonra, 1500-cü ilin yazında Şeyx İsmayıl "Qırxlar Piri"nin üzvü Miskin Abdalın təklifi ilə Araz çayının şimalındakı dağlıq əraziyə, Göycə gölünün cənub sahillərinə doğru hərəkət etdi. Burada onlara Miskin Abdalın böyük nüfuza malik olduğu ərəşli və zülqədər tayfaları qoşulurlar. Qısa müddətdə şamlı, rumlu, ustaclı, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qarabağ sufilərindən ibarət 7000 qazi toplanmışdı.
Şeyx İsmayılın mürşidi, Ricalül-Qeyb (Qeyb Ərəni), böyük Övliya, Sufi şeyxi, dövrünün tanınmış şairi, məşhur ozan Miskin Abdal İsmayılı digər mürşidlərlə bərabər Təbrizə, Səfəvilər dövləti elan olunana qədər müşaiyyət edir. Əsil adı Seyid Hüseyn Məhəmməd oğlu olan Göyçə mahalının görkəmli ozan-şairi Sufi təriqətinin ən ali rütbələri olan Miskin və Abdal titullarını qazandıqdan sonra Miskin Abdal kimi məşhurlaşmışdır. "Seyid Hüseyn Məhəmməd oğlu Sufizmin sirlərinə dərindən yiyələnmiş, Sufizmin şəriət, təriqət, mərifət mərhələlərini keçərək, ən yüksək mərhələ olan-Həqiqət mərhələsinə çatmış və bu mərhələnin ən ali məqamları sayılan "Miskin" və "Abdal" ordenləri ilə təltif olunmuş və bu iki möhtəşəm adın hər ikisini eyni vaxtda öz adında birləşdirmişdi.
"Miskin" anlayışı sufizimdə bütün dünyəvi nemətlərdən imtina edərək, təsəvvüfün "vəhdəti-vücud" nəzəriyyəsinə əsasən, özünü Allah qarşısında "kiçildərək", öz "mən"ini Allahın varlığı qarşısında heçə endirərək, yox edərək, "fənafillah" mərhələsinə yetişməyi, "Allahda ərimə, yox olma" dərəcəsini fəth etməyi, ən yüksək təvazö sahibinə çevrilməni ehtiva edirdi, yəni Allah qarşısında "miskinləşməni" nəzərdə tuturdu." (Mahmud Allahmanlı. "Səfəvilərin böyük ideoloqu, Sufi Şeyxi Miskin Abdal". Göyce.az. saytı. 13.05.2023.)
Azərbaycanın şimalından zəfərlə Təbrizə gələn Şeyx İsmayıl 1501-ci ildə özünü şah elan etdikdən sonra, şahlıq şərbətini Sufi Şeyxi Miskin Abdalın əlindən alıb içərək taxta əyləşmişdir.
Miskin Abdal bir müddət Səfəvi sarayında Sufi təkyəsinə-Ocağına rəhbərlik etmişdir. Daha sonra Şah İsmayıl Miskin Abdalı özünə vəzir və sarayın baş elçisi təyin etmişdir.
Şah İsmayıl Xətai dövlət işləri ilə yanaşı ana dilli ədəbiyyatın, musiqinin, incəsənətin inkişafı üçün olduqca vacib işlər görmüşdür. Dövrünün böyük ozan-şairi, Şufi Şeyxi Miskin Abdalın içrası ilə ozandan aşığa, qopuzdan saza keçidini təmin etməklə Şah İsmayıl xalqın bədii yaradıcılığında böyük reformaya imza atmışdır. Bu dövrdə Dədə mənsəbi ilə yanaşı Haqq aşiqi mənsəbinin təməli qoyulmuşdur. Haqq aşiqləri xalqın, elin içində olur və xalqın sözünü saz, söz sənəti ilə şaha çatdırmaq səlahiyyətlətinə malik idilər.
Miskin Abdal sazı diz üstündən sinəyə qaldırmış, bununla da Haqq aşiqlərinin-aşıqların el içində daha dinamik hərəkətini və qoşunların önundə at belində saz ifasını təmin etmişdir. Tarixdən məlumdur ki, Şah İsmayılın ordusunda aşıqlar xüsusi çəkiyə və statusa malik idilər və onlar döyüşçüləri savaşa ruhlandırmaqla yanaşı mənəvi dəyərləri də təbliğ edirdilər. Miskin Abdal və digər məşhur aşıqlar əllərində saz at belində qoşun hissələrinin önündə gedərmişlər. Haqq aşiqi titulu sənətkarın mənəvi kamilliyini, el içindəki nüfuzunu və sənətə gəliş yolunu bildirən müqəddəs anlayışdır. Bu titul dərin fəlsəfi düşüncəyə, ilahi vergiyə malik olan, xalqına və elinə bağlı olan, ustadlıq məqamına çatan sənətkarlara verilirdi. Ona görə də aşıqlar həm orduda, həm də xalq arasında böyük hörmət və ehtirama sahib idilər. Maraqlıdır ki, aşıq yaradıcılığında şaman-ozan sənətindən qalma Dədə statusu, institutu qorunub saxlanıldı.
Bir məqamı da qeyd etməliyəm ki, Şah İsmayıl, Səfəvilər sarayı xalq ilə əlaqəni aşıqlar vasitəsi ilə qururdu. Eyni zamanda xalqın sözünü, dərdini, narazılığını şaha çatdırmaq səlahiyyəti yalnız aşıqlara verilmişdi. Çünki, Haqq aşiqləri, el aşıqları bu səlahiyyəti haqqa tapındıqlarına görə qazanmışdılar. Dövlət siyasətinin təbliğatını da yerlərdə din xadimləri deyil, aşıqlar aparırdı.
Səfəvilər dövləti bəzilərinin söylədiyi kimi sünni-şiyə məzhəbinin mübarizəsi nəticəsində deyil, əsası XIII əsrdə Şeyx Səfiəddin İshaq (1252-1334) tərəfində qoyulmuş Səfəviyyə sufi təriqətinin əsrlərlə apardığı mübarizənin məntiqi nəticəsi idi. Türk Piri, Türk oğlu kimi tanınan Şeyx Səfiəddin köklü Azərbaycan ailəsindən olduğu, türkmənşəli sufi-dərviş təriqətinin irsi şeyxi idi. Onun yaratdığı təriqətin dili də Azərbaycan türkcəsi idi.
Müqəddəs "Qırxlar Piri"nin Abdalları tərəfindən illərlə həm zehni, həm mənəvi və həm də fiziki baxımdan hazırlaşdırılan İsmayılın üzərinə Bütov və Böyük Azərbaycan yaratmaq missiyası qoyulmuşdu. Bu 12-13 yaşlı bir yeniyetmənin öz özünə gəldiyi qənaət deyildi. Bu müqəddəs amal əsrlərlə ruhlarda, qəlblərdə, şüurlarda yaşadılmış, nəsildən nəsilə ötürülərək və nəhayət ki, Ulu Şeyxlər vasitəsi ilə ünvanına çatdırılmışdır.
Aşıq sənətində coşqun, təntənəli, fəlsəfi-didaktik, ürfani ruhlu Baş Divani havası var. Bu hava bu gün də aşıq, dastan məclislərinin, ustadnamələrin əvvəlində ifa olunur və məclisin açılışını bildirir. Heç bir aşıq bu hünərli havanı ifa etmədən məclisə başlaya bilməz. Bu aşıq sənətində bir qaydadır. Baş Divaniyə həm də Şah Divani də deyilir. Həmçinim sazın pərdə və kök sistemində termin kimi işlədilir.
Bu havanın yaradıcısı ulu babalarının türk-şaman ənənələrindən irəli gələn ozan sənətinə mükəmməl yiyələnən, Səfəvilər sarayında ozan sənətinin sufi-təsəvvüf idealları ilə sintezini yaradan, Ozan-Haqq Aşiqinin, Qopuz-Saz keçidini, diz üstündə çalınmasını sinə üstündə çalınmasına keçidini həyata keçirən Miskin Abdaldır. Böyük ustad sənətkar Miskin Abdal bu havanı Şah İsmayılın şərəfinə yazmışdır. "Baş Divani" və ya "Şah Divani" Şah İsmayıl sarayında şah və əyanlarının dövlət məclisinin açəlışında ifa olunurdu. İndiki anlamda bir növ dövlət himni funksiyasını yerinə yetirirdi.
"Baş Divani" və ya "Şah Divani"dən başqa aşıq sənətində "Şah Xətai" havası da mövcuddur və bu günə qədər ifa olunmaqdadır.
Şah İsmayıl Xətai dövrünün ən tanınmış, ən məşhur ustad aşıqlarını himayə etmiş, onların sənətlərini inkişaf etdirməkdə böyük dəstək göstərmişdir. Xalqın bədii yaradıcılığına, aşıq sənətinə ürəkdən bağlı olan Şah İsmayıl Xətai şeirlərindən birində belə deyir:
"Bir gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxdı avazım.
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir saz."
Səfəvilər sarayında çox böyük ustaq aşıqlar fəaliyyət gödtərirdi. O dövrün ən məşhur Haqq aşiqi Aşıq Qurbani və ya Dirili Qurbani də özünü Şah İsmayılın müridi hesab edirdi. Görkəmli el sənətkarı Haqq aşiqi Qurbani onu "Mürşidi-kamalım, şeyx oğlu şahım" deyə tərənnüm etmişdir. Aşıq Qurbani zəngin yaradıcılığında Şah İdmayıl Xətaiyə həsr olunmuş şeirləri poeziyamızın gözəl nümunələrindən sayılır.
Xalqımız bu gün kimin nə deməsindən asılı olmayaraq qəhrəman oğluna, görkəmli dövlət xadimi, qüdrətli sərkərdə, böyük şair Şah İsmayıl Xətaiyə milli yaddaşında, bədii yaradıcılığında böyük abidə ucaltmışdır. Adı dastanlarda, nağıllarda əbədiyyətə qovuşmuşdur. İstər öz ədəbi yaradıcılığı ilə, istərsə də görkəmli sənətkarlarımızın bu böyük şəxsiyyətə həsr etdiyi əsərlərlə daim xalqımızın qəlbində yaşayacaqdır Şah İsmayıl Xətai. Yaşayacaq muğamlarımızda, aşıq havalarında, ustad şairlərin şeirlərində, bəstəkarlqrın musiqisində, yazıçıların romanında, rəssamların rəsmində....
Sonda bir maraqlı məqamı da qeyd etməyi vacib hesab edirəm.
1514-cü ilin avqustunda Azərbaycan və Türkiyə tarixinin ən faciəli hadisəsi-Çaldıran döyüşü baş verdi. Döyüşdə qalib gələn Sultan Səlim Yavuz həmin ilin sentyabr ayında Təbrizə daxil olur. Osmanlı sultanı I Səlim Təbriz qəniməti olaraq Şah İsmayılın qızılbaş tacını, əlbəsələr və ziynət əşyalarını, Səfəvi səltənətini əks etdirən qızıl-altın örtüklü, qiymətli daşlarla bəzədilmiş taxtı, minlərlə xəzinə mülkünü, tarixi sənədləri, üzəri qızıl naxışlarla, ləl-cəvahiratla bəzədilmiş şəxsi qılıncları, ox və kaman qabları, döyüş zirehləri və dəbilqələri, saray ziyafətində istifadə edilən, üzərində incə işləmələr olan qızıl camları, sürahiləri, gümüş məcməyiləri, yaqutla bəzədilmiş qədəhləri, Səfəvi saray xəzinəsinə məxsus olan, qızıl saplarla toxunmuş ipək xalçaları, bahalı parçaları, şah ailəsinə aid qiymətli getimləri, Şah İsmayılın rəsmi fərmanlara və məktublara vurduğu qızıl və qiymərli daşlardan hazırlanmış dövlət möhürünü ələ keçirmişdir. Bundan başqa Səfəvi saray kitabxanasında qorunan, dövrün ən ustad xəttatları tərəfindən yazılmış və görkəmli rəssamlar tərəfindən işlənib hazırıanmış qiymətli kitablar, "Şahnamə" nüsxələri, Qurani-Kərimlər, elmi əsərlər, minlərlə sənət əsərləri və digər qiymətli mal-mülk karvanlarla İstanbula daşınmışdır.
O dövrdə Təbriz bütün Şərqin mədəniyyət və elmi mərkəzi sayılırdı. Səfəvi saray kitabxanasında minlərlə alim, ustad xəttatlar, rəssamlar çalışaraq dövrün ən qiymətli kitablarını hazırlayırdılar. Saray ədəbi məclisində ən məşhur şairlər, musiqiçilər fəaliyyət göstərirdi. Sultan Səlim Təbrizi Şərqin elmi və mədəniyyət mərkəzinə çevirən ən məşhur alimləri, şairləri, rəssamları, xəttatları musiqiçiləri və başqa sənət ustalarını da özü ilə İstanbula, Osmanlı sarayına aparmışdır. Akademik Həmid Araslının qeyd etdiyinə görə şair Həbibi 1514-cü ildə Təbriz ələ keçirildikdən sonra Osmanlı sulranı I Səlim tərəfindən Konstantinopola gətirilmiş 1700 incəsənət xadimindən biri idi. (Cengiz Sadıkoğlu. Habibi. İslam Ansiklopedisi
(ardı var)