Ciddi xəbərdarlıq: Yuxusuzluq Alzheimer riskini artırır


Türkiyəli nevrologiya mütəxəssisi, dosent doktor Demet Aygün Üstel uzunmüddətli yuxu problemlərinin idrak qabiliyyətinin zəifləməsi və Alzheimer xəstəliyi riskinin artması ilə əlaqəli ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, mütəxəssis yuxunun yalnız istirahət prosesi olmadığını, yuxu zamanı beynin yaddaşın möhkəmləndirilməsi, öyrənmə və metabolik tullantıların xaric edilməsi kimi mühüm funksiyaları davam etdirdiyini qeyd edib.

Yuxu ilə Alzheimer xəstəliyi arasındakı əlaqənin iki istiqamətli ola biləcəyinə diqqət çəkən Üstel bildirib ki, yuxu pozğunluqları idrak qabiliyyətinin zəifləməsi üçün risk faktoru olduğu halda, Alzheimer xəstəliyi ilə əlaqəli beyindəki dəyişikliklər də yuxu-oyanıqlıq dövrünün pozulmasına səbəb ola bilər.

Onun sözlərinə görə, xüsusilə yaşlı insanlarda yaranan və uzun müddət davam edən yuxu problemləri yalnız qocalmanın təbii nəticəsi kimi qəbul edilməməlidir.

Üstel gecə ərzində tez-tez oyanmaların və dərin yuxu mərhələlərinin azalmasının yuxu keyfiyyətinə mənfi təsir göstərdiyini vurğulayıb.

“İnsan səkkiz saat yataqda qalsa belə, yuxusu davamlı olaraq bölünürsə, kifayət qədər keyfiyyətli yuxu ala bilməz. Xüsusilə yüksək səslə xoruldama, yuxu zamanı nəfəsin nəzərəçarpacaq dərəcədə dayanması, səhərlər yorğun oyanma və gün ərzində həddindən artıq yuxululuq müşahidə olunursa, yuxu apnesi ilə bağlı müayinədən keçmək vacibdir”, – deyə Üstel bildirib.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ