
Elməddin Behbud
Dünyada ticarət yollarına nəzarət və nəqliyyat arteriyaları uğrunda mübarizənin siyasi müstəvi ilə yanaşı hərbi sahədə də şiddətlə davam etdiyi indiki zamanda Azərbaycan Respublikasının şərqini tamlıqla əhatə edən Xəzər dənizində sərhədlərimizin qorunması, milli təhlükəsizliyimizin təmin olunması xüsusi ilə mühüm əhəmiyyət kəsb edir.
Dəniz nəqliyyatı ilə yükdaşıma fəaliyyətinin ciddi ölçüdə pozulması Avropa, eləcə də Asiya və ümumilikdə dünya iqtisadiyyatına ciddi dərəcədə mənfi təsir edə bilər.
Avrasiyanın başlıca dəniz keçidləri olan Hörmüz boğazının xeyli müddətdir ki, döyüş meydanına çevrilməsi və demək olar ki, bağlanması, Bab-əl-Məndəb boğazından keçən gəmilərin vaxtaşırı hava hücumlarına məruz qalması, Cəbəllütariq boğazının da İranın dəstəklədiyi silahlı güclərin ("Hizbullah" və "Polisario" hərbi-siyasi qruplaşmaları) hədəfinə çeviriləcəyi ilə bağlı təhdidlərin səsləndirildiyi hazırki dövrdə diqqət istər-istəməz şimal-cənub nəqliyyat dəhlizinə paralel şəkildə uzanan Xəzər dənizinə yönəlir.
İran rəsmilərinin son dövrlərdə Xəzər dənizindən daha böyük həcmdə yükün daşınmasının vacibliyi ilə bağlı açıqlamaları da bir daha diqqətin yönəldiyi alternativ ünvanın adıçəkilən su hövzəsi olduğunu göstərir.
Doğrudur, Xəzər qapalı su hövzəsi olduğundan onu digər dənizlərlə müqayisə etmək mümkün deyil. Ancaq Azərbaycan üçün, eləcə də region dövlətləri üçün bir neçə aspektdən Xəzərin rolu son dərəcə əhəmiyyətlidir.
Azərbaycanın karbohidrogen ehtiyatları əsasən Xəzər dənizində yerləşir. Hələ də ixracatımızın və büdcə gəlirimizin önəmli hissəsi neft və qaz satışından əldə olunur. Eyni zamanda Orta Dəhlizin mühüm həlqələrindən biri də elə adıçəkilən dənizdir. Mərkəzi Asiyanı - Türküstan coğrafiyasını da Avropaya bağlayan yol məhz buradan keçir. Bu cəhətdən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dünən Hərbi Dəniz Qüvvələrində olması tamamilə təbiidir.
Dövlət başçımıza "SALVO" və "KAYRA" insansız dəniz vasitələri təqdim edilib və onların praktiki sınaqları keçirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Hərbi Dəniz Qüvvələrinin bazasında hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirilib.
Azərbaycanın pilotsuz vasitələri Xəzər dənizi kimi strateji həmiyyətli məkanda da tətbiq etməsi mümkün təhdidlərə çevik və adekvat reaksiya verilməsi baxımından imkanlarımızın artırılması deməkdir. Əminliklə bildirmək olar ki, qlobal hərbi texnologiyanın su məkanında, dəniz sahəsində tətbiqi bundan sonra da davam edəcək.
İkinci Qarabağ müharibəsindəki birmənalı qələbəmizdən sonra Azərbaycanın silahlı qüvvələrinin daha modern əsasda inkişafı üçün xeyli addımlar atılıb. Görünür, bu alqoritm Hərbi Dəniz Qüvvələrimizin kompleks inkişafı üçün həyata keçirilən işlərin nəticəsində də özünü göstərəcək.