Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

VI Yazı

Türk və Çin fəlsəfələrinin qarşılıqlı təsirinə gəlincə, hər ikisi Şərq təfəkkürünə aid edilsə də, ancaq Türk fəlsəfəsi daha geniş, dünyəvi xarakter daşımaqdadır. Onlar vahid kosmoloji dünyagörüşünü paylaşsalar da, tarix, mədəniyyət və coğrafiya səbəbindən fərqli inkişaf yolları keçmişlər.[1]

Türk fəlsəfəsinin Çin fəlsəfəsi ilə üstə-üstə düşən cəhətləri, ilk növbədə asiman, səmaya olan münasibətdir. Hər iki fəlsəfədə səmanın, asimanın, göy üzünün ilahiləşdirilməsi var. Çin fəlsəfəsindəki xüsusilə Daosizm təlimində YinYan tarazlığı, Türk fəlsəfəsindəki - Tanrıçılıqdakı Göy (ata)Yer (ana) bütünlüyünə əsaslanan fəlsəfi baxışa bənzəyir.[2] Hər ikisi ziddiyyətlərin vəhdəti və tarazlığı üzərində qurulub. Universal dixotomik fəlsəfə olan Daoizm, səma-yer ikiliyinə əsaslanan Türk kosmoqonik anlayışını əks etdirdiyinə görə əhəmiyyət qazanmışdır. Qədim Türk kosmoqoniyasını formalaşdıran səma-yer dixotomiyası və onlar arasında insanın mövqeyi daoizmin xinqsanq və çi triadasına çox bənzəyir.[3] Sadəcə, Türk fəlsəfəsində səmanın, göy üzünün ilahiləşdirilməsində mənəvi xarakter, Çin fəlsəfəsində maddiləşdirmə ön plana çıxmışdır. Türk fəlsəfəsində Göy Tanrı maddi səma deyil, yəni adi, gözlə görünən göyə qarşı qoyul­muşdur. “Çinlilər “Göy ruhu” dedikdə, türklər kimi Göy Tanrını nəzərdə tutsalar da, sonralar onu daha çox maddi anlamda qəbul etmişlər”.[4]

Türk və Çin fəlsəfələrinin oxşar cəhətlərindən biri də odur ki, hər iki sistem insanı təbiətdən kənar və ondan üstün hesab etmir. İnsan təbiətin ayrılmaz hissəsidir və təbiət qanunları ilə uyğunluq içində yaşamalıdır. Hər iki fəlsəfə həyatın praktikliyinə, əxlaqa, dövlət idarəçiliyinə və sosial harmoniyaya üstünlük verir.

Türk fəlsəfəsinin Çin fəlsəfəsi ilə üstə-üstə düşməyən əsas cəhətlərindən biri, Türk dünyagörüşündə təkallahlılıq elementləri (Göy Tanrı) və təktanrıçılıq ön plandadır. Çin fəlsəfəsi isə daha çox dünyəvidir; məsələn, Konfutsi təlimi dini ehkamlardan daha çox dünyəvi nizam və dövlətçilik qaydalarını təbliğ edir.[5] Türk təfəkkürü daha çox azadlıq, hərəkət, döyüşkənlik və alp (qəhrəmanlıq) ruhunu ön plana çəkir. Çin fəlsəfəsində isə sakitlik, hərəkətsizlik (Wu-wei / heç nə etməməklə hər şeyi idarə etmək) və itaət prinsipləri hakimdir.[6]

Beləliklə, deyə bilərik ki, bu günə qədər Türk fəlsəfəsi Yunan, Hind, Roma, Çin və digər fəlsəfələrdən fərqli olaraq əsasən dar mənada izah olunub, onun sosial-fəlsəfi mahiyyəti arxa planda qalmışdır. Bir tərəfdən Türklüyün yalnız milliyyətçilik, millətçilik kimi şüurlara yeridilib şovinizm damğası ilə damğalanması, digər tərəfdən ümmətçilər tərəfindən İslamçılıq ideyasına zərbə kimi dəyərləndirilməsi Türk dünyagörüşünün, Türklüyün öz əsil sosial-fəlsəfi mahiyyətini ortaya qoymasında ciddi problemlər yaratmışdır. Üstəlik, zaman-zaman Türk, Türklük, Türkçülüyün siyasi-ideoloji və sosial-fəlsəfə çatısında baş verən məsələlərin mahiyyətini dərindən aydınlaşdırmadığımız üçün, onu hansı yöndən yenidən bərpa etmək yolunu doğru-dürüst müəyyənləşdirə bilməmişik. Bu da, bir gerçək ki, bizim üçün önəmli olan Türk, Türklük, Türkçülük sosial-fəlsəfi sistemindən həm uzaq düşməyimizlə bağlı şüurlarımızda ciddi xaos var, həm də onun siyasi-ideoloji yönü öz ağırlığını qoruyub saxlamaqdadır. Yəni biz keçmişə, dünənimizə baxdıqda “Türk” qavramında əsasən etnosçuluq (gen-qan birliyi), milliyyətçilik axtarıb tapmaq istəyirik. Halbuki bizim, “Türk” qavramına aid keçmişdə axtarıb tapmaq istədiyimiz yalnız bir gen-qan, ya da milliyyətçilik davası olmalı deyil. Bu, ancaq onun bir tərəfi ola bilər, tamamı olamaz. Burada daha çox önəmli olan Türk adı altında var olan böyük bir mədəniyyət, fəlsəfə, dünyagörüş, bir sözlə İNSANLIQ fəlsəfəsidir.

Məlum olduğu kimi, dünya tarixində ən çox dövlət yaradanlar Türk xalqlarıdır. Dövlət qurmaq da fəlsəfi düşüncə, sosial sistem tələb edir ki, bunu da yüksək, ali səviyyəyə malik olan xalq ya da xalqlar edə bilər. Bu anlamda “Türk” sosial-fəlsəfi sisteminə daxil olan topluluqların hansı fəlsəfi, sosioloji, psixoloji, mədəni səviyyəyə malik olması bir daha bəlli olur.

Türkçülük elə bir təlim, dünyəvi və beynəlmiləl bir dünyagörüşdür ki, o, milli məsələdən, milli birlikdən daha geniş anlam daşımaqdadır. Bu anlamda Namiq Kamal Zeybək çox doğru yazır ki, “Türklük bir ruh halıdır. “Türk” tarixin әn böyük varlıqlarından birinin adıdır. Bir böyük kültür və dəyərlər sistemi içində yoğrulmuş insanlar topluluğunun adıdır Türk!..”[7]

Türk, Türklük, Türkçülük anlayışlarının siyasi-ideoloji xarakter kəsb edərək , onun sosial-fəlsəfi bir təlim kimi özünə yer tapmamasında ona aid bir kitabın olmaması çox qabardılır. Bizcə, “Türk” təliminin öz kitabı yoxdur deyib, qəti hökm vermək doğru deyildir. “Türk”ün kitabı bizə ya xalq fəlsəfəsi ilə, ya da ayrı-ayrı kitabların hissələri kimi gəlib çatmışdır. “Türk fəlsəfəsini şərti olaraq üç qrupa bölmək olar: 1) Türk xalq fəlsəfəsi, 2) Türk təsəvvüf fəlsəfəsi, 3) Türk filosoflarının fəlsəfəsi”.[8]

Türk təliminin xalq fəlsəfəsi “Atalar sözü”, “Oğuznamə”lər, “Qorqudnamə”lər və sairdir. Burada “Ata” ya da “Atalar” olaraq bəhs edilən bilgə insanlardır. “Ata” sözü bilgəliyi, filosofluğu, müdrikliyi bildirir. Bu anlamda Türk təliminin əsas kitablarından biri “Atalar sözü” olub xalq fəlsəfəsi kimi geniş yayılıb. Bizcə, Qorqud Ata, Ulu Xan Ata, Oğuz Ata, Qam Ata, Xızır Ata və digərlərinə aid edilənlər də xalq fəlsəfəsidir. Yəni onlar bir bilgə kimi Türk təlimini təbliğ edir, onun mahiyyətini əhaliyə çatdırırdı. Bu anlamda Türk düşüncəsi, Türk mədəniyyəti dedikdə, bütün zamanlarda Türk xalqlarının yaratdıqları abidələrin, əsərlərin nəzərdə tutulması anlaşılandır.[9]

Bizcə, “Ulu Xan Ata”, “Manas”, “Alpamış”, Orxon-Yenisey abidələri və digərləri ən qədim “Türk” kitabının sadəcə bəziləridir. Türk təliminin ən qədim kitabı, elə onun adı ilə bağlı olan “TÜRK”dən başqası ola bilməz. Görünür, “TÜRK” sözünün geniş yayılmasına əsas səbəb də, məhz ilk kitabın bu adla ya da ona sinonim bir isimlə bağlı olmasıdır.

Türk xalqları fəlsəfəsi — minilliklər boyu formalaşan zəngin mədəniyyəti, təbiətə baxışı, kainatı qavrama üsulunu və dünyagörüşünü özündə birləşdirən müstəqil düşüncə sistemidir. Bu fəlsəfi irs Türk xalqlarının milli təfəkkürünü və mənəvi birliyini dərk etmək üçün mühüm əhəmiyyət daşıyır.

Türk fəlsəfi fikri Şərq və Qərb fəlsəfələrindən fərqli, özünəməxsus xətti olan müstəqil dünyagörüşünə dayanır. Türk xalqları üçün fəlsəfə yalnız nəzəriyyə deyil, həm də həyat tərzinin və ortaq mənəvi dəyərlərin gerçək ifadəsidir. Türk fəlsəfəsində insan təbiətdən ayrı yox, onun bir parçası və tamamlayıcısı kimi qəbul edilir. Cəmiyyətin, dövlətin və ailənin əxlaqi əsasları, ədalət və humanizm prinsipləri yüksək dəyərləndirilir.

Ümid edirik ki, bu yazılar Türk fəlsəfəsinin dünya müstəvisindəki yerini daha aydın şəkildə göstərəcək, Türk xalqlarının mədəni özünüdərk prosesinə töhfə verəcək və yeni araşdırmalar üçün stimul yaradacaq. Ən əsası Türk xalqları fəlsəfəsi haqqında ciddi bir dönüşə səbəb olacağına inamımız vardır. Bu günə qədər Türk dünyasında Türk fəlsəfəsi istiqamətində aparılan işləri qiymətləndirməklə yanaşı, ortada olan parakəndəliklərin, sistemsizliklərin aradan qaldırılması baxımından bu kitabın bir yol açacağına inanırıq.

Bir sözlə, Türk fəlsəfəsini – Türk xalqları fəlsəfəsini yazmaqda əsas məqsədimiz bir tərəfdən Türk fəlsəfəsini dünyada oturuşmuş bir hala gətirmək, digər tərəfdən Türk birliyinin fəlsəfi əsaslarını ortaya qoymaqdır.

[1] Güler Mehmet. Çince ve Çin Kültürü ile Türk Dili ve Kültürü Arasındaki Benzerlik ve Yakınlıklar. Dil Araştırmaları. Yıl:17, Dönem: 2023-Güz, Sayı: 33, s.160-161

[2] Gökalp Ziya. Türk Medeniyeti Tarihi. Istanbul, Bilgeoğuz, 2013, s.50-51

[3] Esin Emel. Türk Kozmolojisine Giriş. İstanbul: Kabalcı, 2001, s.23

[4] Qumilyov Lev. Qədim türklər. Bakı, Gənclik, 1993, s.100

[5] Konfuçyus. Konuşmalar (Lun-Yu). Ankara, Alter yayınları, 2014, s.15-19

[6] Yenə orada, s.26-27

[7] Zeybək, Namiq Kamal. Türk olmaq. Bakı AzAtaM, 2007, s.8

[8] Mədətoğlu Aydın. Türklərdə fəlsəfi dünyagörüş və Türk filosofları. Bakı, Alatoran, 2021, s.5

[9] Zakirqızı (Məmmədova) Aytək. Türk düşüncəsi və Türkçülük tarixi haqqında. Bakı, “Elm və təhsil”, 2014, s.196


MANŞET XƏBƏRLƏRİ