ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşnerin həm Moskvaya, həm də Kiyevə səfəri Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı diplomatik ümidləri yenidən gündəmə gətirib.
Tərəflərlə aparılan danışıqların əsas məqsədi müharibənin dayandırılması və sülhə aparan yolun müəyyənləşdirilməsi olsa da, Moskva ilə Kiyevin əsas məsələlərdə mövqelərinin hələ də ciddi şəkildə fərqləndiyi görünür.
Bəs Vitkoff və Kuşnerin səfəri tərəflər arasında real dəyişiklik yarada biləcəkmi? Diplomatik təmaslar yeni atəşkəsə, daha sonra isə davamlı sülhə gətirib çıxara bilərmi? Turkustan.az bu sualları politoloq Aydın Tağıyevə ünvanladı.

Aydın Tağıyev
Fikrimcə, Jared Kuşner və Stiv Vitkoffun Moskva və Kiyevə səfərləri müvəqqəti atəşkəs ehtimalını gündəmə gətirsə də, sülh təşəbbüsü uğursuz oldu. Bunun əsas səbəbi tərəflərin strateji mövqelərinin bir-birindən tamamilə fərqli olmasıdır. Rusiya “müharibənin köklü səbəbləri”nin həllini tələb edir, Ukrayna isə suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyindən geri çəkilmir. Bu baxımdan, münaqişənin daha uzun müddət davam etməsi ehtimalı yüksəkdir.
Digər tərəfdən, diqqətçəkən məqamlardan biri Putinlə üç saat davam edən danışıqların “konstruktiv” adlandırılmasına baxmayaraq, Kremlin açıq şəkildə Rusiyanın öz “hədəflərinə nail olacağını” və münaqişənin “köklü səbəbləri”nin həll edilməli olduğunu bildirməsidir. Bu ifadə, əslində, Ukraynanın NATO və Qərblə yaxınlaşmasının qarşısının alınması tələbinə işarə edir.
Kiyev rəhbərliyinin mövqeyi isə bəllidir və Moskvanın tələbləri ilə üst-üstə düşmür. Zelenski ABŞ nümayəndələrinə açıq şəkildə bildirib ki, Ukrayna yalnız ölkənin ərazi bütövlüyü və suverenliyi təmin olunacağı təqdirdə sülh razılaşmasına gedə bilər.
Fikrimcə, bu proses göstərdi ki, atəşkəs təşəbbüsü real sülh mexanizminə çevrilməkdən daha çox diplomatik jest olaraq qaldı. Rusiya üçün bu, öz gücünü nümayiş etdirmək və Qərbi “münaqişənin tərəfi” kimi təqdim etmək imkanı yaratdı. Ukrayna isə bu təşəbbüsü qeyri-səmimi hesab edərək beynəlxalq ictimaiyyətə “biz sülhə hazırıq, lakin qarşı tərəf prosesi manipulyasiya edir” mesajını verməyə çalışdı.
Hesab edirəm ki, tərəflərin mövqeləri bu qədər ziddiyyətli olduğu müddətdə Rusiya-Ukrayna münaqişəsinin qısa zamanda və asanlıqla başa çatması real görünmür.
Aytən Yaşar/ Turkustan.az