Qidalanma və Pəhriz Mütəxəssisi Hande Selin Ok pəhriz zamanı yol verilən səhvlərin əzələ toxumasının itirilməsinə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Okun sözlərinə görə, pəhriz prosesində edilən ən böyük səhvlərdən biri qısa müddətdə, məsələn, “2 günə 5 kiloqram arıqlamağı” vəd edən detoks və ya maddələr mübadiləsini sürətləndirdiyi iddia olunan pəhrizlərə üz tutmaqdır.
Mütəxəssis yalnız bir növ qida, məsələn, salatla qidalanmağın da düzgün olmadığını vurğulayıb.
“Bədən mürəkkəb karbohidratlar, zülallar və yağlarla kifayət qədər təmin olunmadıqda, müxtəlif vitamin və mineral çatışmazlıqları yarana bilər və arzuolunan çəki itkisinə nail olmaq çətinləşər. Eyni zamanda, məhsulların üzərindəki “şəkərsiz” və “pəhrizə uyğun” kimi etiketlərə aldanmamaq lazımdır. Bu məhsullarda şəkər olmasa belə, yüksək miqdarda nişasta və ya həddindən artıq qatqı maddələri ola bilər”, – deyə Ok bildirib.
O, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən birinin də eyni pəhrizin hər kəs üçün uyğun olduğunu düşünmək olduğunu qeyd edib.
“Prosesə birbaşa təsir edən bir çox amil var. Bunlara insanın sosial-mədəni mühiti, qida seçimləri, hormon balansı, yaşı və boyu daxildir. Sağlam arıqlama prosesi üçün mütləq dietoloqla məsləhətləşmək lazımdır.
Mütəxəssislər pasiyentləri həyat tərzi, hormon balansı, fiziki vəziyyəti və sosial-mədəni mühiti kimi bir çox amili nəzərə alaraq hərtərəfli qiymətləndirirlər. Əgər hər hansı əsas tibbi və ya psixoloji səbəb varsa, bunlar da nəzərə alınır və fərdiləşdirilmiş, davamlı qidalanma proqramı hazırlanır. Buna görə də, prosesin mütəxəssis nəzarəti altında həyata keçirilməsi çox vacibdir”, – deyə, Ok vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az