Sosial mediada “ferritin üzü” adı altında yayılan paylaşımlarda solğun dəri, gözaltı tünd dairələr və saç tökülməsi dəmir çatışmazlığı ilə əlaqələndirilir.
Turkustan.az xəbər verir ki, lakin həkimlər xəbərdarlıq edirlər ki, dəmir çatışmazlığını yalnız xarici görünüşə əsasən müəyyən etmək mümkün deyil.
TikTok və “Instagram” platformalarında orqanizmdə dəmir ehtiyatını saxlayan zülal – ferritinin aşağı səviyyəsinin üzdə görünən dəyişikliklərə səbəb olduğunu iddia edən videolar geniş yayılıb. Bu paylaşımlar milyonlarla dəfə izlənilib.
İstifadəçilər solğun və ya bozumtul dəri, gözaltı tünd dairələr, quru və çatlamış dodaqlar, saç tökülməsi və zəif dırnaqları dəmir çatışmazlığının əlamətləri kimi təqdim edirlər. Bəzi kontent yaradıcıları isə əvvəlki və indiki fotolarını paylaşaraq xarici görünüşlərindəki dəyişiklikləri dəmir səviyyəsi ilə əlaqələndirirlər.
İngiltərədən olan ailə həkimi doktor Aziza Sesay BBC-yə açıqlamasında “ferritin üzü” ifadəsinin tibbi diaqnoz olmadığını bildirib.
“Lakin bu, bədəndə nəyinsə baş verdiyinə dair bir işarə ola bilər”, – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, dərinin solğunlaşması, saç tökülməsi və dırnaqların kövrəkləşməsi dəmir çatışmazlığı ilə əlaqəli ola bilər. Bununla belə, həmin əlamətlər başqa xəstəliklər zamanı da müşahidə edilə bilər.
Həkimlər vurğulayırlar ki, dəmir çatışmazlığını müəyyən etmək üçün laborator müayinələr aparılmalı, yalnız xarici görünüşə əsaslanaraq nəticə çıxarılmamalıdır.
Aytən Yaşar/Turkustan.az