Ukraynaya hərbi və maliyyə yardımının artırılması istiqamətində ABŞ və Avropa İttifaqından iki mühüm qərar açıqlanıb.
Turkustan.az xəbər verir ki, Vaşinqton Kiyevə 500 ədəd “Patriot” raketinin satışına razılıq verib, Avropa Komissiyası isə 2027-ci il üçün 45 milyard avroluq maliyyə paketinin təsdiqlənməsi təşəbbüsü ilə çıxış edib.
Avropa Komissiyasının rəsmi məlumatına və Reuters agentliyinin xəbərinə əsasən, 45 milyard avro Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq kredit proqramının ikinci hissəsini təşkil edir.
Avropa Komissiyasının planına görə, 2027-ci ildə ayrılması nəzərdə tutulan vəsaitin 31,7 milyard avrosu Ukraynanın müdafiə sənayesi potensialının gücləndirilməsinə, 13,3 milyard avrosu isə dövlət büdcəsinin dəstəklənməsinə yönəldiləcək.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, yeni maliyyə paketi Ukraynaya uzunmüddətli planlaşdırma imkanı yaradacaq və əsas dövlət xidmətlərinin fəaliyyətini davam etdirməsinə kömək göstərəcək.
Məlumata görə, təklif Aİ Şurasının təsdiqinə təqdim ediləcək. Təsdiqdən sonra ödənişlərin 2027-ci ilin əvvəlindən başlanması planlaşdırılır.
Euronews-un məlumatına əsasən, Avropa İttifaqı Ukraynaya ayrılacaq vəsaitin böyük hissəsini 2027-ci ilin ilk yarısında təqdim etməyi nəzərdən keçirir. Bunun səbəbi müharibənin davam etməsi fonunda Kiyevin artan maliyyə ehtiyaclarıdır.
Bununla yanaşı, ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə vasitələrinin satışına dair yeni qərarı açıqlanıb. Yayılan məlumata əsasən, ABŞ Dövlət Departamenti Ukraynaya 500 ədəd PAC-3 raketinin və əlaqədar avadanlığın 2,1 milyard dollara mümkün satışını təsdiqləyib.
Məlumata görə, raketlərin alınması Kanada, Almaniya və Norveçin maliyyə dəstəyi, həmçinin Avropa İttifaqının kredit vəsaitləri hesabına həyata keçiriləcək. Tədarükün əsas podratçısı “Lockheed Martin” şirkəti olacaq.
Norveç hökumətinin daha əvvəl yaydığı rəsmi məlumatda da Almaniya və Kanada ilə birlikdə ABŞ istehsalçısından Ukrayna üçün yeni “Patriot” raketlərinin alınacağı təsdiqlənib./Musavat.com