Avstraliyalı alimlər laboratoriya şəraitində çoxaltdıqları canlı beyin hüceyrələrini silikon çiplərə inteqrasiya edərək robot iti idarə etməyə nail olublar.
Turkustan.az xəbər verir ki, Avstraliyanın “Cortical Labs” şirkətinin tədqiqatçıları canlı beyin hüceyrələrini silikon çiplərə yerləşdirərək elektrodlar vasitəsilə onlarla ikitərəfli elektrik siqnalı mübadiləsi aparıblar. Beləliklə, neyronların fəaliyyəti fiziki hərəkətləri idarə etmək üçün istifadə olunub.
Əvvəllər “Pong” və “Doom” kimi kompüter oyunlarını oynamaq qabiliyyəti ilə tanınan bioçip texnologiyası ilk dəfə fiziki robot sistemində sınaqdan keçirilib. Bu dəfə sistemin hərəkətləri robot itin davranışına uyğunlaşdırılıb.
Müasir robotlar fiziki hərəkətləri yerinə yetirməkdə uğurlu olsalar da, dəyişən şəraitə tez uyğunlaşmaq və mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək baxımından çətinlik çəkirlər. Ənənəvi süni intellekt sistemlərindən fərqli olaraq, insan beyni daha az enerji sərf etməklə yanaşı, naməlum vəziyyətlərə uyğunlaşmaq qabiliyyəti ilə seçilir. Bu da bioloji yanaşmanın əsas üstünlüklərindən biri hesab olunur.
“Honda Research Institute Europe” ilə əməkdaşlıq çərçivəsində hazırlanan sistem virtual mühitdə sınaqdan keçirilib və minlərlə saatlıq qarşılıqlı əlaqə vasitəsilə öyrədilib.
Aytən Yaşar/Turkustan.az