Kişilərdə saç tökülməsinə qarşı hazırlanmış yeni dərman klinik sınaqlarda ümidverici nəticələr göstərib. 536 kişinin iştirak etdiyi araşdırmada altı aylıq müalicədən sonra saç sıxlığında əhəmiyyətli artım qeydə alınıb.
Turkustan.az xəbər verir ki, ABŞ-ın biofarmasevtika şirkəti Veradermics tərəfindən hazırlanan eksperimental həb kişi tipli keçəlliyin müalicəsi üzrə üçüncü mərhələ klinik sınaqlarda müsbət nəticələr əldə edib.
VDPHL01 adlanan preparat saç tökülməsinin müalicəsində uzun illərdir istifadə edilən minoksidilin uzunmüddətli təsirə malik formuludur. Yeni formulun məqsədi aktiv maddənin orqanizmə daha yavaş buraxılmasını təmin etməklə mümkün yan təsirləri azaltmaqdır.
Araşdırmada yüngül və orta dərəcəli saç tökülməsi yaşayan 536 kişi iştirak edib. Onların bir qismi eksperimental dərman, digərləri isə aktiv maddə olmayan plasebo qəbul edib.
Altı aylıq müalicədən sonra dərmanı gündə bir dəfə qəbul edən kişilərdə baş dərisinin hər kvadrat santimetrinə düşən saçların sayında orta hesabla 28,6 tel artım qeydə alınıb. Dərmanı gündə iki dəfə qəbul edənlərdə isə bu göstərici 36,4 tel olub. Plasebo qrupunda artım 6,6 saç teli ilə məhdudlaşıb.
Tədqiqatçılar əldə olunan nəticələrin kişi tipli keçəlliyin müalicəsi üçün yeni imkanlar yarada biləcəyini bildirirlər.
Aytən Yaşar/ Turkustan.az