Amerikalı milyarder iş adamı Elon Mask 2028-ci ildə keçiriləcək prezident və Konqres seçkilərində Demokratların böyük qələbə qazanmasının ABŞ üçün ciddi nəticələrə səbəb olacağını iddia edib. O, belə bir ssenarini ölkəsi üçün “oyunun sonu” kimi qiymətləndirib.
Turkustan.az xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, Demokratların 2028-ci ildə Nümayəndələr Palatasında, Senatda və prezident seçkilərində qəti qələbə qazanacağı ehtimalı ilə bağlı narahatlığını ifadə edib.
Maskın iddiasına görə, Demokratlar hakimiyyətə gəldikləri təqdirdə Vaşinqton və Puerto-Rikonun ştat statusu almasına çalışacaq, Senatda üstünlük əldə etmək üçün addımlar atacaq, sərhəd siyasətini yumşaldacaq və ABŞ-da qanunsuz yaşayan şəxslərə hüquqi status verəcəklər.
Milyarder həmçinin Ali Məhkəmənin hakimlərinin sayının artırılmasının Demokratların siyasi üstünlüyünü möhkəmləndirə biləcəyini iddia edib. Onun fikrincə, bu addımlar ABŞ-ın “daimi təkpartiyalı dövlətə çevrilməsinə və demokratiyanın sonuna” gətirib çıxara bilər.
Mask bu ssenarinin qarşısını almaq üçün 2029-cu ildə Senatda 51 Respublikaçı senatorun olmasının vacibliyini vurğulayıb və seçiciləri noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Respublikaçı namizədləri dəstəkləməyə çağırıb.
Aytən Yaşar/Turkustan.az