Qapımızın ağzında böyük təhlükə: Qərbi Nil virusu: 51 ölü


Türkiyənin qonşusu olan Yunanıstanda yoluxmuş ağcaqanadlar tərəfindən ötürülən ölümcül Qərbi Nil virusuna yoluxma halları yay mövsümündən bəri durmadan artır.

Turkustan.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Agentliyinin oktyabrın 29-da açıqladığı son hesabata əsasən, ilin əvvəlindən bəri ölkədə 457 yoluxma halı aşkar edilib və bu virus səbəbindən 51 nəfər həyatını itirib. Təkcə son bir həftə ərzində daha 4 yeni yoluxma halı qeydə alınıb.

Yoluxma hallarının böyük əksəriyyəti paytaxt Afina və onun yerləşdiyi Attika yarımadasında müşahidə olunub. Xəstələrdən 287-də mərkəzi sinir sisteminə təsir edən ağır simptomlar — ensefalit (beyin iltihabı), meningit və ya kəskin süst iflic yaranıb. Digər 170 xəstədə isə simptomlar yüngül keçib və mərkəzi sinir sisteminə xələl gətirməyib.

Açıqlanan statistikaya görə, virusdan vəfat edənlərin yaş aralığı 36–92 arasında dəyişir, ölənlərin orta yaşı isə 82-dir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ