QURUCU ÖMRÜ - Tanınmış mühəndis Qaraş Əliyev haqqında film çəkilib


Kəlbəcərin tanınmış simalarını “Məskənim” video-film layihələri ilə geniş tamaşaçı auditoriyasına təqdim edən rejissor, operator Zaur Akifoğlu “Məskənim” layihəsini bu dəfə kəlbəcərlilərin “Əliyev Qaraş” kimi tanıdığı Qaraş Əliyevə həsr edib.

Qaraş Süleyman oğlu Əliyev 1933-cü ildə Kəlbəcər rayonunda anadan olub. 1950-ci ildə Kəlbəcər rayon orta məktəbini qızıl medalla bitirib. 1950-ci ildə ali məktəbə daxil olub, 1955-ci ildə yüksək qiymətlərlə Politexnik İnstitunun mülki sənaye fakültəsini bitirib, təyinatı Kəlbəcər rayonuna alıb.

İş fəaliyyətinə "İstisu" kurortunun tikintisində başlayıb. "İsti-su" kurortunun tikilməsində böyük əməyi olub və bu tikintilər sayəsində “İstisu” kurortu ümumiittifaq sanatoriya statusunu alıb.

İşlədiyi müddətdə 350-dən artıq dövlət binalarının tikilməsinə öz töhvələrini verib və rəhbərlik edib. Onun öz təklifi və layihəsi əsasında şah əsəri olan "Ağ bulaq" su kəmərinin 30 kilometrə qədər məsafədən böyük zəhməti hesabına Kəlbəcər rayonuna çəkilməsinə nail olub, Beləliklə rayonun suya olan ehtiyac və tələbləri ödənilib.
1993-cü ildə Kəlbəcərin işğalı ilə böyük sarsıntı yaşayan Əliyev Qaraş köçkünlük illərində insanları hər zaman doğma yurdun azad olunması üçün fəal mübarizəyə səsləyib.

Təəssüf ki, doğma Kəlbəcərin azadlığını görmədən, Kəlbəcər həsrəti ilə 2013-cü ildə dünyasını dəyişib.

Bu filmi seyr edənlər Əliyev Qaraşın öz peşəsində titanik fəaliyyəti ilə tanış olacaqlar.

Ruhu şad olsun!

Turkustan. az


MANŞET XƏBƏRLƏRİ