Laçın istiqamətində sərhədi keçən hərbi qulluqçumuz Nəsimi Musayevlə bağlı yeni iddialar səsləndirilib.
Turkustan.az xəbər verir ki, erməni sakinlərdən biri onun kəndə sakit şəkildə gəldiyini və hər hansı təxribata cəhd etmədiyini bildirib.
“Görünür, uzun yol gəldiyi üçün ac idi. Özü üçün plov qızdırıb, çörək hazırlayıb yeyib”, – sakinlərdən biri deyib.
Onun sözlərinə görə, kənddə hər hansı çaxnaşma və gərginlik yoxdur.
Erməni mediası dünəndən etibarən hadisəni diversiya kimi təqdim etməyə çalışsa da, Ermənistan Müdafiə Nazirliyinin açıqlamaları və kənd sakinlərinin ifadələri hadisə hücum cəhdi olmadığını göstərir.
Digər diqqətçəkən məqam Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) açıqlamasıdır. Qurumun məlumatına görə, Azərbaycan təhlükəsizlik orqanları hərbi qulluqçunun sərhədi keçməsi ehtimalı barədə Ermənistan tərəfini əvvəlcədən məlumatlandırıb.
Qeyd edək ki, artıq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb./Globalinfo.az