ABŞ Müdafiə Nazirliyi (Pentaqon) genişmiqyaslı müharibə ehtimalına hazırlıq çərçivəsində ölkənin materik hissəsində yerləşən hərbi bazaların ən azı 90 gün xarici dəstək olmadan fəaliyyət göstərməsi üçün yeni tədbirlər planlaşdırır.
Turkustan.az xəbər verir ki, “FORTRESS” adlı hərbi təşəbbüsün əsas məqsədi mülki infrastruktura zərər dəysə belə, ABŞ ordusunun hərbi əməliyyatları davam etdirməsini təmin etməkdir.
Təşəbbüs çərçivəsində ABŞ ərazisindəki iri hərbi obyektlərin ən azı 90 gün ərzində elektrik enerjisi, su, yanacaq və rabitə vasitələri də daxil olmaqla, əsas resurslara çıxışını qoruyaraq fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.
“Fox News”un məlumatına görə, Pentaqon böhran vəziyyətlərində mülki fabriklərin müdafiə sənayesi üçün istehsala başlamasını təmin etməyi, alternativ təchizat zəncirləri yaratmağı və silah, yanacaq, eləcə də digər materialların fasiləsiz çatdırılması üçün strateji ehtiyatlar formalaşdırmağı hədəfləyir.
Aytən Yaşar/Turkustan.az