“Siyasi məğlubiyyət”: Türkiyə-Liviya razılaşması Afinada gündəm oldu


Yunanıstanın hakim Yeni Demokratiya Partiyasının nümayəndələrinin Türkiyə ilə Liviya arasında imzalanmış dəniz zonalarının delimitasiyası haqqında anlaşmanı “uğursuzluq” və “siyasi məğlubiyyət” kimi qiymətləndirməsi hökumətdə narahatlıq yaradıb.

Turkustan.az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti “Məğlubedilməz məğlubiyyət” başlıqlı məqaləsində yazıb.

Qəzet xatırladıb ki, ötən həftə Liviya Nümayəndələr Palatası 2019-cu ildə Türkiyə ilə Liviya arasında imzalanmış dəniz zonalarının delimitasiyası haqqında anlaşma memorandumunu təsdiqləyib. Bu qərarla bağlı Yeni Demokratiya Partiyasının deputatı Dimitris Kalogeropulos “acı həbi udduq”, deputat Dimitris Keridis isə “siyasi məğlubiyyət” ifadəsini işlədib.

Nəşrin iddiasına görə, beynəlxalq münasibətlər üzrə professor olan Keridisin açıqlaması Baş nazirin ofisində Kalogeropulosun bəyanatından daha çox narahatlıq yaradıb.

“Kathimerini” yazıb ki, bu narahatlıq təkcə Keridisin akademik təcrübəsi ilə deyil, həm də onun Yeni Demokratiya Partiyasının parlament sözçüsü vəzifəsini tutması ilə bağlıdır. Qəzetin məlumatına görə, Baş nazirin ofisi Keridisin açıqlamalarında daha diqqətli olmasını istərdi.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ