Rəbiqə Nazimqızı
Türkiyə sərin oktyabr günlərinin birində yenə ədəbiyyat adamlarına qucaq açdı. Bu dəfə Şuşa ilə qardaşlaşmış Kayseri şəhərində, Türk dünyası Yazar və Şairlərinin II Talas görüşündə.
Qardaş ölkəyə səfərlərimin sayını xatırlamıram, ailəvi səfərlər də olub, ədəbi tədbirlər də. Amma əminəm ki, 15-17 oktyabr 2026-cı ildə keçirilən Talas görüşlərinün yaddaşımdakı yeri tamam fərqli olacaq. Səbəblər çoxdur və bu yazının hər sətri həmin o səbəblərdən ilhamlanıb.
Hərçənd, təbiət bir az şıltaqlıq elədi, bəlkə də, iradəmizi yoxladı, amma təşkilatçıların diqqət və qayğısı sayəsində tədbirə vaxtından əvvəl yetişə bildik.
Qeyd edim ki, Talas Bələdiyyəsinin ev sahibliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TİKA, Türk Dil Qurumu və Türk Ədəbiyyatı Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə 13 ölkədən 33 şair və yazar iştirak edirdi.
Yüksək səviyyədə sevgi, hörmət və diqqətlə qarşılandığımız Türkiyədə bizi görüncə hava da sakitləşməyə başladı. Təbiət də anladı ki, ədəbiyyatsevər türklərin istəyi və iradəsi qarşısında geri çəkilməyə məcburdur və bu tədbir istənilən halda baş tutacaq.
Bir az da iştirakçılardan danışım. Bizim nümayəndə heyətini azərbaycanlılara təqdim etməyə xüsusi ehtiyac yoxdur, adları sadalamaqla kifayətlənirəm: Sabir Rüstəmxanlı, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Aysel Xanlarqızı, Aybəniz Əliyar, Xuraman Muradova, Elvin ƏIizadə və bəndəniz – Rəbiqə Nazimqızı. Amma səkkiz deyilmişik – Allahverdi Təkləli artıq orada bizi gözləyirmiş, güneyli soydaşlarımız, şairlər Əli Çağla, Şərifə Cəfəri (hazırda Berlində yaşayır), miniatür rəssamı Səba Cəfəri də Kayseridə sıralarımıza qoşuldu, Moskvadan əziz Afaq Şıxlı da gəldi. Hələ Kayseridəki azərbaycanlıları demirəm…
Leyla Şərif Eminin (Şimali Makedoniya) yanğılı, Kiyal Kazıyevanın (Qırğızıstan) duyğulu, Oktamay Xaldarovanın (Özbəkistan) minimalist şeirləri ilə məmnuniyyətlə tanış oldum, Olqa Ivoqlo, (Qaqauziya), Aybulat Sısanbayev (Başqırdıstan), Asya Raximova (Tatarıstan) ilə dostlaşdım. Mehmet Ömer Kazançını (Kərkük), Ali Rıdha Mohsın Çolaqı (Kərkük), Oktay Öksüzoğlunu (Şimali Kipr Türk Respublikası), Ömer Aydını (Türkiyə) isə elə bil min ildi tanıyırdım.
Yörük Ali Paşa bizi Azərbaycanın müxtəlif bölgələrinin ləhcələri ilə salamladı. Təəccüblənmədik, onun 1998-ci ildə polkovnik-leytenant rütbəsində Türkiyə Respublikasının təmsilçisi kimi Azərbaycanda rəsmi xidmətdə olduğunu eşitmişdik. Bilirdik ki, Yörük Ali Paşa Azərbaycan Respublikası Daxili Qoşunlarının beynəlxalq standartlara uyğun şəkildə strukturlaşdırılması, şəxsi heyətin təlimi və hərbi hazırlığının yüksəldilməsi prosesində fəal iştirak edib.
Səfərin ən gözlənilməz sevinci isə Kayseridə gözəl şair dostum Fazıl Ahmet Bahadırla yenidən qarşılaşmağım oldu. Düz 15 il öncə, 2011-ci ildə Elazığda keçirilən Xəzər şeir axşamlarından tanış idik. Arada sosial şəbəkələrdə ünsiyyət saxlasaq da, ustadın Kayseridən olduğunu xatırlamırdım. Bir də gördüm, dedilər ki, Fazıl Ahmet Bahadır səni axtarır. Elə bildim, min ildir görmədiyim doğmamı tapdım. Yenə - həmişəki kimi – onun “Yəmən” şeirini xatırladım...
Talasda eşitdiyim şeirlərdən başqa, Nuralı Kobılın (Özbəkistan) Əhməd Yasəvidən, Əmir Teymurdan yerindəcə gətirdiyi sitatlar, Abdınabı Hamroevin (Özbəkistan) Molla Pənah Vaqifdən ifa etdiyi mahnılar, Arman Əlmenbetin şəkdiyi fotoşəkillər könlümdə özünə isti bir yuva tapdı...
Təxminən on-on beş il əvvəl Türk Dünyasının yazarları bir araya gələndə ortaq dil tapmaq çətin idi. Ya Türkiyə türkcəsində, ya da rus dili vasitəsilə danışmalı olurdun. İndi vəziyyət dəyişib. Bütün türk qardaş-bacılarımız hərəsi öz dilində danışır və asanlıqla anlaşırıq. Hərdən mənə elə gəlir ki, ortaq türkcə yaratmağa ehtiyac da qalmayacaq. Belə səfərlər, görüşlər çoxaldıqca, ədəbi əlaqələr gücləndikcə, həmin ortaq türkcə öz-özünə yaranacaq...
Erciyez gəzintisindən yazardım, amma dağdan danışmazlar, dağa qalxarlar. Əvəzində Türkcə sokağından (küçəsindən) söz açım. Bu küçədəki lövhələrə bütün türk dünyasından ən məşhur şairlərin misraları həkk olunub. Hamısı özümüzünküdür, amma şəkil çəkdirmək üçün sevimli Orhan Vəlini seçdim. Mərkəzdəki KülTigin abidəsi məni uşaqlıq arzularıma apardı – Orhun-Yenisey vadisinə. Gəzmək istədiyim türk torpaqlarının siyahısındakı ilk bəndlərə qayıtdım.
Türkcə sokağından Çanaqqala muzeyinə doğru addımladıq. Yağışa düşdük. Su aydınlıqdı. Şəhidlik aydınlıq gətirməkçündü. Elə, obaya, dünyaya. Muzeyin rəhbəri Rıdvan Kocaoğlu Çanaqqala döyüşlərindən elə danışdı, elə bildim səngərləri, süngüləri, vadidəki qardaşlıq məzarlığını görürəm. Danışdı və gözləri doldu, danışdı və gözlərimiz doldu... Şəhidlərini bu cür anan, bu cür müəllimdən dərs alan millətə ölüm yoxdur. Türkün gücü sevgisindədir. Elinə, obasına, özünə, dünyaya sevgisində...
Kayseridə yerləşən Şuşa evindəki tədbir gözəl çıxışlarla yadda qaldı. Xalq şairi Sabir Rüstəmxanlı Kayserinin dünyada 20 Yanvar hadisələrinə ilk reaksiya verən şəhər olduğunu vurğuladı, 1990-cı illərdə Türkiyədəki qardaşlarımızın sovet qoşunlarının törətdiyi vəhşiliklərə qarşı etiraz aksiyalarından danışdı. Başqa bir böyük tədbirdə Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri bütün zalı lərzəyə gətirdi...
Yavaş-yavaş xatirələrimizi götürüb geri dönmək vaxtı idi. Söhbətin bu yerində bu gözəl ədəbiyyat bayramı və ömürlük yaddaşımıza həkk olunacaq bu üç gün üçün Talas bələdiyyəsinə, bələdiyyə başqanı Mustafa Yalçın bəyə, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklıya, əziyyətimizi çox çəkən qardaşlarımız Atabey Barışa (Atabey bizi həm də səlis rus dili və musiqi bacarıqları ilə də təəccübləndirdi) və Enver Uğur Akyola, bütün iştirakçılara və dinləyicilərə təşəkkürümü bildirirəm. Bu bayramda hər birinin payı var. Bu elə böyük paydır ki, mən qonaqlarına yeməyi öz əllləriylə paylayan, kitablarla nəfəs alan, sözə-sənətə vurğun bələdiyyə başqanı Mustafa Yalçını, fədakar bələdiyyə işçilərini, Türk Ədəbiyyatı Vəqfinin təvazökar və mehriban rəhbəri Serhat Kabaklını, onun müavini, heç bir yerdə öz yaradıcılığından bəhs etməyib tədbir boyu yalnız təşkilati işlərlə məşğul olan İmdat Avşarı, bütün həmkarlarımı və bütün Kayserini, Kayserinin timsalında bütün Türkiyəni Azərbaycana daşımaq istəyirdim. İnşallah, Bakıda görüşmək üzrə.