Putin: Dünya iqtisadiyyatının üçdə ikisi Avrasiyanın payına düşür


Rusiya Prezidenti Vladimir Putin Avrasiyanın qlobal iqtisadiyyatda aparıcı rol oynadığını və dünya üzrə ümumi daxili məhsulun (ÜDM) təxminən üçdə ikisinin bu regionun payına düşdüyünü bildirib.

Turkustan.az xəbər verir ki, Putin İstanbulda keçirilən 19-cu Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına və qonaqlarına ünvanladığı yazılı müraciətdə bu fikirləri səsləndirib.

Rusiya lideri forumun müxtəlif ölkələri təmsil edən siyasətçilər, iş adamları, diplomatlar və mütəxəssislər arasında birbaşa dialoqun qurulmasına töhfə verdiyini vurğulayıb.

Bu il “Dəyişən dünya və iqtisadiyyatın çətinlikləri” mövzusunda təşkil olunan forumun əhəmiyyətinə toxunan Putin qeyd edib ki, Avrasiya geniş istehsal imkanlarına, mühüm nəqliyyat və ticarət marşrutlarına malikdir.

“Avrasiya qlobal iqtisadiyyatda aparıcı rol oynayır. Qlobal ÜDM-in təxminən üçdə ikisi dünyanın ən böyük qitəsində istehsal olunur. Region əhəmiyyətli istehsal güclərinə malikdir və ən mühüm nəqliyyat və ticarət yolları buradan keçir”, – deyə Putin bildirib.

O, forumun gündəliyinin Rusiyanın sivilizasiyalararası dialoqu inkişaf etdirməyi, ölkələrin və regional inteqrasiya təşkilatlarının potensialını birləşdirməyi nəzərdə tutan “Böyük Avrasiya Tərəfdaşlığı” təşəbbüsü ilə uzlaşdığını qeyd edib.

Putin forum çərçivəsində aparılacaq müzakirələrin bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan beynəlxalq əməkdaşlıq modelinin formalaşmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ