Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən şəxsin hərbçilər tərəfindən aşkarlanaraq Milli Təhlükəsizlik Xidmətinə təhvil verildiyini bildirib.
Turkustan.az xəbər verir ki, o mediaya açıqlamasında hadisə ilə bağlı danışarkən hərbçilərin davranışını müdafiə edib.
“Həmin şəxs sərhədi keçib, hərbçilər onu aşkarlayıb Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Görürdülər ki, bir adam gəlir. Atəş açıb öldürməli idilər? Problem nədir? Onu Respublika meydanında saxlamayıblar. Sərhədi keçib, biz onu geri qaytarmalıyıq”, – o deyib.
Paşinyan əlavə edib ki, dünyada ayrı-ayrı şəxslərin keçə bilməyəcəyi sərhəd yoxdur:
“Makedoniyalı İsgəndərin dövründən indiyədək belə sərhəd olmayıb”.
Qeyd edək ki, Ermənistan tərəfinin məlumatına görə, oktyabrın 19-da saat 17:50 radələrində Tavuş vilayətində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlamalar zamanı onun yolu azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib. Azərbaycan vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür./modern.az