Türk dünyasının ədəbi irsi: Türk Mədəniyyəti və İrsi Fondu 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir


2026-cı il oktyabrın 21-də Bakı Ekspo Mərkəzində 12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun stendini Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Adil Kərimli, rəsmi şəxslər, dövlət qurumlarının nümayəndələri, eləcə də Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri ziyarət ediblər. Fəxri qonaqlar Fondun nəşriyyat fəaliyyəti, təqdim olunan kitab nəşrləri və türk xalqlarının zəngin tarixi-mədəni və ədəbi irsini əks etdirən eksponatlarla tanış olub, həmçinin türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş təşəbbüsləri haqqında məlumat əldə ediblər.
Qeyd edək ki, oktyabrın 21-də 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Xaqani Şirvani – pyeslər toplusu” kitabının təqdimatı keçirilib. Nəşr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanıb. Həmin gün Fond tərəfindən Azərbaycan dilində nəşr olunan tanınmış qazax yazıçısı, publisist və dövlət xadimi Sauıtbek Abdraxmanovun “Korifey” kitabının da təqdimatı baş tutub.
Oktyabrın 24-də oxuculara “Azərbaycan ədəbiyyatşünaslığında Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı”, “Yunus Əmrənin həyatı və seçilmiş şeirləri” və “Oljas Süleymenov Azərbaycanın gözü ilə” kitabları təqdim ediləcək.
Oktyabrın 26-da isə akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları “Birinci Türkoloji Qurultay” nəşrinin, eləcə də professor Nizami Tağısoyun “Qazax ədəbiyyatının tarixi” kitabının təqdimatları keçiriləcək.


MANŞET XƏBƏRLƏRİ