Bu ilin yanvar-avqust aylarında xaricdən Azərbaycana 39 milyon 532 min dollar dəyərində 22 min 771 ton toyuq əti gətirilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. İdxal olunan toyuq ətinin 98 %-i və ya 22 min 315 tonu ölkəyə dondurumuş şəkildə daxil olub. Dondurulmuş toyuq ətinin 4,5 min tonu bütöv, 17,8 min tonu isə hissələrə ayrılmış şəkildə idxal olunub. İdxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri isə 2,9 manat (1,7 dollar) olub.
Qeyd edək ki, ötən ilin analoji dövründə xaricdən Azərabaycana gətirilən toyuq əti bu ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətindən 33,5% və ya 5 min 596 ton az olub. Ötən ilin yanvar-avqust aylarında idxal olunan toyuq ətinin 1 kiloqramının gömrük dəyəri 2,6 manat (1,5 dollar) olub. Açıqlanan məlumatlardan da göründüyü kimi son bir ildə idxal olunan toyuq ətinin gömrük dəyəri 7,7 % və ya 20 qəpik aşağı düşüb. Bildirək ki, bu ilin sentyabr ayında idxal olunan toyuq ətinin 1 kiloqramənın orta satış qiyməti marketlərdə 6 manat olub.
Maraqlıdır, toyuq ətinin qiymətində ciddi artım səbəb nədir?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, toyuq ətinin baha olmasına səbəb məhz bazarda sağlam rəqabət mühitinin formalaşmasıdır:
“Azərbaycanda qida məhsulları sahəsində sağlam rəqabət mühiti yoxdur. Əvvəllər ölkəmizə qonşu dövlətlərdən, yəni Rusiya və Ukraynadan dondurulmuş toyuq ətini gətirən sahibkarların sayı çox idisə, indi bu say təxminən yarıya düşüb. Məhz bazarda sağlam rəqabət mühiti olmadığına görə, “işbazlar” istədikləri qiymətə toyuq ətini təklif edə bilərlər”.
O bildirib ki, bu gün ölkəmizdə bəzi qida məhsulların gömrük ödənişləri (rüsumları) yüksəkdir:
“Ölkəmizə əvvəllər qida məhsulları indiki, yəni böyük həcimdə idxal olunmurdu. Lakin Azərbaycanda kənd təsərrüfatı sahəsində geriləmədən sonra idxaldan asıllıq kifayət qədər artdı. Məhz idxal artdıqdan sonra qiymətlər də ildən-ilə artmağa başladı. Üstəlik, gömrük rüsümları da sahibkarların cibinə xeyli mənfi təsir göstərməyə başladı. Bildirim ki, toyuq ətinin gömrük dəyəri 7,7 % və ya 20 qəpik aşağı düşməsi heç də yüksək rəqəm deyil”.
Onun fikrincə, idxaldan asıllıq azaldılmalıdır:
“Ölkəmizdə idxaldan asıllıq ildən-ilə artır. Bunun qarşısını almaq isə çətin deyil. Bu gün xaricdən quş əti idxalını azaltmaq üçün Azərbaycanda kifayət qədər əkinə yararlı münbit torpaqlar var. Üstəlik, Qarabağ və Şərgi Zəngəzurda heyvanların bəslənməsi üçün kifayət qədər lazımi imkanlar var. Bu ərazilərdə istər buğda, istərsə də digər yem məhsulları istehsal oluna bilər”.