NATO Hərbi Komitəsinin yeni sədri Almaniyanın Baş Qərargah rəisi general Karsten Breyer seçilib.
Turkustan.az xəbər verir ki, NATO-ya üzv 32 ölkənin qərargah rəisləri Danimarkanın paytaxtı Kopenhagendə NATO Hərbi Komitəsinin yeni sədrini seçmək üçün bir araya gəlib. Türkiyəni iclasda Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu təmsil edib.
NATO Hərbi Komitəsinin hazırkı sədri admiral Cüzeppe Kavo Dragone iclasdan sonra Breyerin yeni sədr seçildiyini açıqlayıb. Breyerin gələn yay bu vəzifəni Dragone-dən təhvil alacağı gözlənilir.
Dragone Breyeri təbrik edərək onun əməliyyat təcrübəsinin, NATO ilə əlaqələrinin və Almaniya Silahlı Qüvvələrinə rəhbərliyinin Alyansa mühüm töhfə verəcəyini bildirib.
“Baş Qərargah rəisləri Avro-Atlantik təhlükəsizlik üçün bu çətin dövrdə sizə etibar edirlər”, - deyə, Dragone qeyd edib.

Aytən Yaşar/ Turkustan.az