Elməddin Behbud
"Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin sədri, siyasi şərhçi və tədqiqatçı
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanın Türk və İslam dünyasının birgə hədəflərinə doğru ortaq fəaliyyətin mərkəzi kimi mühüm missiya daşımasının növbəti dəfə nümayişidir.
Prezident İlham Əliyevin dini liderlərdən və beynəlxalq konfrans iştirakçılarından ibarət nümayəndə heyəti ilə görüşdə ifadə etdiyi fikirlərin əsas nüvəsində tarixi-mədəni və dini yaddaşın qorunması, həmçinin türk və müsəlman dünyasının həmrəyliyinin vacibliyi amili dayanır. Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaratdığı yeni siyasi, hərbi və iqtisadi reallıqların sülh və əməkdaşlıq müstəvisində möhkəmləndirilməsinə verdiyi önəm hazırda bölgədə diqqətlə izlənilən ana mövzulardandır.
Seyid Yəhya Bakuvidən Nizami Gəncəviyə, Xaqani Şirvanidən Nəsimiyə, Şah İsmayıl Xətaidən Məhəmməd Füzuliyə qədər və daha neçə mənəviyyat və intellektual nəhənginin formalaşdırdığı, habelə inkişaf etdirdiyi mənəvi irsin dini və mədəni kodlarının araşdırılması türk dünyasının, islam aləminin malik olduğu böyük potensialın qorunaraq gələcək nəsillərə çatdırılmasının zərurilindən xəbər verir.
Azərbaycanın Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq toplantıya ev sahibliyi etməsi dövlətimizin xalqın milli-mənəvi dəyərlərinə ehtiramının və ona sahib çıxmasının, həmçinin bu irsə adıçəkilən coğrafiya ilə beynəlxalq dini-ictimai dialoqun ayrılmaz tərkib hissəsi kimi yanaşmasının ifadəsidir.
Qafqazın strateji hissəsində, Türk dünyasının və İslam aləminin qovuşduğu məkanda yerləşən Azərbaycanın müasir tarixinin ayrılmaz səhifələrindən biri də uzun müddət məruz qaldığı işğal və ədalətsiz beynəlxalq münasibətdir. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi Azərbaycan dövləti əbədiləşdirilməyə çalışılan işğalı öz gücü, sarsılmaz iradəsi, xalqın birliyi ilə rədd edərək aradan qaldırdı və beləliklə, Qarabağ və Şərqi Zəngəzuru yenidən türk-islam dünyasının üzünə açdı. Bu cəhətdən müxtəlif ölkələri təmsil edən dini rəhbərlərin ölkəmizdə bir araya gəlməsi, keçmişdə işğalda olan ərazilərə səfər etməsi Azərbaycanın strateji planda türk dünyasına və islam coğrafiyasına verdiyi mesajın fərqli ünvanlara çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Hazırda Ermənistanın yeni silahlanma ilə regiona böyük fəlakətlər bəxş etmiş əski siyasətinə bir daha qayıtmaması, sülhə və təhlükəsizliyi təhdid etməməsi üçün Azərbaycan hərbi gücünü artırır və fəal diplomatik siyasət həyata keçirir. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, tarixi ədalətin bərpası üçün ötən əsrin sonlarında Ermənistanın etnik təmizləmə siyasəti həyata keçirərək 300 minə türk və müsəlmanı vətəndaşı olduqları dövlətin ərazisindən - qədim yurd yerlərindən deportasiya etməsinin nəticələrini aradan qaldırması da zəruridir. Sevindiricidir ki, türk dünyasının dini liderləri bu mövzuda Azərbaycanla həmrəydirlər.
Otuz ilə yaxın davam edən işğal yüz minlərlə türk və müsəlmanın qədim yurdlarından qaçqın düşməsi, şəhər və kəndlərin tamamilə dağıdılması, milli-mədəni və dini abidələrin məhv edilməsi və dəhşətli insanlıq faciələri ilə yadda qalıb. Əlbəttə ki, bunları heç zaman unutmaz olmaz. Eyni zamanda Qarabağa səfər edən nümayəndə heyətinin Ağdam, Xocalı, Xankəndi, Şuşa və digər şəhərlərimizdə görəcəyi hazırki mənzərə dövlətimizin böyük quruculuq potensialının və yeni, fərqli mərhələnin nümayişi kimi də qiymətlidir.
Azərbaycan təqvim ili boyu çevik və hədəflərini dəqiq ifadə edən siyasi performansı ilə hərzamankı kimi müxtəlif regional və qlobal platformaları bir araya gətirən güclü dövlət olaraq diqqət mərkəzinə çevrilir. Türk dövlətlərinin dini liderlərinin bu toplantısı da bir daha çağdaş inkişaf və tarixiliyin, din və mədəniyyətin qovuşduğu, milli-mənəvi dəyərlərə böyük hörmət bəsləndiyi məkanın qarşıdakı dövrdə daha böyük miqyaslı beynəlxalq əməkdaşlıq platforması kimi dünyadakı rolunu artıracağını göstərir.