Zelenskidən yeni ittifaq: “Karpat Səkkizliyi” yaradıldı


Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə “Karpat Səkkizliyi” (C8) adlı yeni regional əməkdaşlıq formatı yaradılıb.

Turkustan.az xəbər verir ki, təşəbbüs Ukraynanın İvano-Frankivsk vilayətində keçirilən ilk “Karpat” sammitində elan olunub. C8 formatına Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan daxildir. Avropa İttifaqının nümayəndələri də sammitdə iştirak edib.

Sammitdə təhlükəsizlik, enerji, logistika, nəqliyyat, ticarət və sərhədyanı iqtisadi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Zelenski bildirib ki, yeni format ölkələr arasında əməkdaşlıq və koordinasiyanı daha yüksək səviyyəyə çıxarmağı hədəfləyir.

Sammitdə Polşanın Baş naziri Donald Tusk, Rumıniya Prezidenti Nikusor Dan və Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib.

Zelenski enerji sektoru, ixrac və idxal marşrutları, logistika və müdafiə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, xüsusilə müharibə şəraitində logistikanın Ukrayna üçün əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Sammit çərçivəsində keçirilən iqtisadi forumda 25 ölkədən 1 400-ə yaxın iştirakçı, o cümlədən C8 ölkələrindən 500-dən çox biznes nümayəndəsi iştirak edib. Forumda enerji, sənaye, nəqliyyat, logistika, infrastruktur və digər sahələr üzrə investisiya layihələri təqdim olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ