Azərbaycan və İran gömrük sahəsində mühüm yeniliyə hazırlaşır. İki ölkə arasında gömrük sənədlərinin elektron mübadiləsinə keçidlə bağlı razılıq əldə olunub.
Turkustan.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ISNA-ya müsahibəsində bildirib.
Diplomat Astara sərhəd-keçid məntəqəsinin Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayıb.
Onun sözlərinə görə, tərəflər sərhəddə yaranan məsələlərin həlli üçün qarşılıqlı fəaliyyəti gücləndiriblər. Son dövrdə Azərbaycan və İran nümayəndə heyətlərinin qarşılıqlı səfərləri də intensivləşib.
Dəmirçilu bildirib ki, gömrük sənədlərinin elektron mübadiləsinə keçilməsi sərhəddə prosedurların sürətləndirilməsinə xidmət edəcək.
İran səfiri hesab edir ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına və tranzit yüklərin sərhəddən daha sürətli keçirilməsinə imkan yaradacaq./Musavat.com