Qızıl bahalaşır: Azərbaycanın gəlirləri artacaq? - Açıqlama


“Məlum olduğu kimi, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.06 faiz bahalaşaraq 2,374.10 ABŞ dollarına bərabər olub. Bir neçə ay əvvəl 1 unsiya qızılın qiyməti 1900 dollar təşkil edirdi. Göründüyü kimi, dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu, Azərbaycanın xeyrinədir. Qızılın bahalaşması bizə səmərə gətirir və effekt verir. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15 faizə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

O qeyd edib ki, Azərbaycan qızıl ixrac edən ölkədir:

"Regionda demək olar, yeganə ölkəyik ki, bu qiymətli metalı hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl satmışıq ki, bu da, 2022-ci illə müqayisədə bilavasitə qızıl satışı üzrə 7 faiz artım deməkdir. Qızılın bahalaşması ölkəmiz üçün əslində yeni üfüqlər açır. Yaranan vəziyyət bizdən mədənçıxarma sənayesini daha da genişləndirməyi və sürətlə inkişaf etdirməyi tələb edir. Bu baxımdan, işğaldan azad olunan ərazilərin potensialından maksimum istifadə etmək lazımdır. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə külli məbləğdə valyuta gəlirləri və ehtiyatları vəd edir”.


MANŞET XƏBƏRLƏRİ