Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.
Turkustan.az xəbər verir ki, Ermənistanın “Past” qəzeti Köçəryanın “KQB zirzəmisi” kimi tanınan “İrəvan-Kentron” penitensiar müəssisəsinin ən qaranlıq və ən kiçik kamerasında saxlanıldığını yazıb.
Nəşrin məlumatına görə, saxlanma şəraiti qanunvericilikdə nəzərdə tutulan minimum tələblərə belə cavab vermir. Köçəryanın tək saxlanıldığı kameranın ölçüsü təxminən 5×3 metrdir. Buna baxmayaraq, onsuz da kiçik olan sahəni daha da məhdudlaşdıran ikimərtəbəli çarpayı yerləşdirilib.
Kamerada nə stul, nə də masa var. Bu səbəbdən sabiq prezidentin hətta oturmaq və elementar iş fəaliyyəti ilə məşğul olmaq imkanının olmadığı bildirilir.
“Past” yazır ki, ombudsman Köçəryana baş çəkərkən bu vəziyyəti qeydə alıb və məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Lakin bir aya yaxın vaxt keçməsinə baxmayaraq, problemlərin həll olunmadığı iddia edilir.
Köçəryanla görüşlər də ciddi şəkildə məhdudlaşdırılıb. Vəkillərdən başqa onunla yalnız ailə üzvləri görüşə bilər. Belə görüşlərə isə ayda cəmi iki dəfə icazə verildiyi bildirilir./Musavat.com