Çarəsi tapılmayan uşaqpulu müzakirəsi: Yardım verilsə, tənbəllik yaranacaq? - ŞƏRH


Yaxın günlərdə deputat Günay Ağamalının uşaqpulu ilə bağlı verdiyi açıqlama ictimai müzakirələrə səbəb olub.

Onun “uşaqpulu verilərsə valideynlərdə tənbəllik yarana bilər” fikri bir çox vətəndaş və ekspert tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş narazılıq doğurub.

Açıqlama xüsusilə uşaqpulu məsələsinin illərdir Azərbaycanda müzakirə olunan sosial siyasət mövzusu olduğunu nəzərə alsaq, cəmiyyətdə həssas reaksiyalarla qarşılanıb. Bir qrup insan bu yanaşmanın sosial ədalət və ailələrin real iqtisadi vəziyyəti ilə uzlaşmadığını bildirir, digərləri isə dövlət büdcəsi və əmək bazarı baxımından fərqli arqumentlər irəli sürür.

Məsələ ilə bağlı ictimai debatların artması uşaqpulu mövzusunun yenidən gündəmdə qalmasına və müxtəlif baxışların qarşı-qarşıya gəlməsinə səbəb olub.

Maraqlıdır görəsən, uşaqpulu ailələrdə uşaq artımına səbəb ola bilərmi və ya, insanlar işləməkdən imtina edib uşaqpulu ilə dolanacaq qədər tənbəlləşə bilərmi?

Turkustan.az olaraq bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

İqtisadçı Ekspert Günay Hüseynova- Korona virus pandemiyasının ölkə  iqtisadiyyatına təsiri haqda

Günay Hüseynova

Deputat xanımın fikirləri ilə razı deyiləm. Çünki açıqladığı səbəblərin iqtisadi əsası yoxdur. “Uşaqpulu verilərsə, insanlarda tənbəllik yaranar” fikri isə tamamilə absurd və iqtisadi baxımdan əsassız bir yanaşmadır.

İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etməzdən əvvəl, yəni SSRİ-nin tərkibində olduğu dövrdə də uşaqpulu verilirdi. Həmin vaxt əksər ailələr çoxuşaqlı idi. Ailələrdə 8-9, hətta 10 uşaq böyüyürdü. Buna baxmayaraq, valideynlər təsərrüfatda, sənayedə və digər sahələrdə çalışır, əmək fəaliyyəti ilə məşğul olurdular. Hətta bir çox ailələrdə uşaqların hamısı ali təhsil alır, peşə sahibi olurdu.

Bu gün isə vəziyyət tam fərqlidir. Keçmiş illərlə müqayisədə insanların sosial və iqtisadi xərcləri xeyli artıb. Əvvəllər bu qədər geyim çeşidi, uşaq əyləncə mərkəzləri, restoranlar, kafelər, müxtəlif kurslar və digər əlavə xərclər yox idi. İndi isə demək olar ki, hər uşağın şəxsi telefonu var. Bundan əlavə, ailələrdə orta hesabla 1-2, maksimum 3 uşaq böyüyür. Uşaq sayının azalmasının əsas səbəblərindən biri də ailələrin uşaqlarına layiqli həyat səviyyəsi təmin etməkdə çətinlik çəkməsidir.

Deputat bildirir ki, uşaqpulu valideynlərdə tənbəllik yarada bilər. Əgər belədirsə, çoxuşaqlı ailələrə və digər sosial kateqoriyalara verilən yardımların da insanları tənbəlləşdirdiyini iddia etmək lazımdır. Halbuki reallıq bunu göstərmir.

Digər tərəfdən, bazar və marketlərdə qiymətlər hər kəsə məlumdur. Verilməsi nəzərdə tutulan uşaqpulu məbləği də böyük deyil, simvolik xarakter daşıyacaq. Belə olan halda, davamlı bahalaşma fonunda bu vəsaitin insanları işləməkdən yayındıracağını iddia etmək nə dərəcədə əsaslıdır?

Məlumdur ki, ölkədə müəyyən səviyyədə işsizlik problemi mövcuddur. Bir çox ailələrdə əsas gəlir mənbəyi ailə başçısı olan atanın qazancıdır. Əgər ailə başçısı işini itirərsə, uşaqların ehtiyacları necə qarşılanmalıdır? Heç olmasa, uşaqpulu ailələrə belə çətin dövrlərdə övladlarının minimum ərzaq və digər əsas ehtiyaclarını təmin etmək imkanı verə bilər.

Məsələyə daha geniş prizmadan baxdıqda da görünür ki, ölkədə uşaqların sayı məlumdur və hər uşağa aylıq 100 manat məbləğində dəstək verilməsi dövlət büdcəsini ciddi şəkildə sarsıdacaq bir yük deyil.

Nəhayət, bir məqamı da qeyd etmək istəyirəm. Valideynlər ayrıldıqda, məhkəmə qərarı ilə uşaq üçün aliment müəyyən edilir və bu məbləğ hazırda minimum 260 manat təşkil edir. Əgər qanunvericilik uşağın aylıq ehtiyaclarının ən azı bu məbləğdə olduğunu qəbul edirsə, bəs onda dövlət tərəfindən veriləcək simvolik uşaqpuluna niyə qarşı çıxılır?

Uşaqpulu valideynə deyil, əslində uşağın rifahına, qidalanmasına, təhsilinə və gələcəyinə yatırılan investisiyadır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ