Azərbaycan dili üçün ayrıca universitet yaradıla bilər - Yeni TƏKLİF


Azərbaycan dilinin mövqeyinin daha da gücləndirilməsi məqsədilə ali təhsil sistemində dillə bağlı bəzi müsbət dəyişikliklərin edilməsi mühüm məqsədə çevrilib. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və sonrakı çıxışlarında milli kimliyin, dövlətçiliyin əsas sütunlarından hesab edərək Azərbaycan dilinin saflığının qorunmasını vacib vəzifə kimi qiymətləndirib.

Bunun üçün də ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatının statusu daha da artırılmalıdır. Hazırda isə Bakı Dövlət Universiteti başda olmaqla ölkənin universitetlərində ayrıca Azərbaycan dili və ədəbiyyatı fakültəsi yoxdur. Azərbaycan dili əsasən filologiya fakültələri tərkibində tədris olunur.

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən akademik, dilçi alim Nizami Cəfərov Azərbaycan dilinin daha da gücləndirilməsi və ali təhsildə xüsusi statusunun artırılmasını məqsədəuyğun hesab edir:

“Hazırda Azərbaycan universitetlərində ayrıca Azərbaycan dili və ədəbiyyatı fakültələri olmasa da filologiya fakültələri çərçivəsində fəaliyyət göstərir. Filologiya fakültələrin əsas profilini də məhz Azərbaycan dili və ədəbiyyatı təşkil edir. Digər istiqamətlər – rus dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, alman dili və ədəbiyyatı və s. filologiyanın tərkib hissəsi kimi tədris olunur.

Amma göründüyü kimi, bu məsələ daha da aktuallaşmalıdır. Azərbaycan dili və ədəbiyyatı fakültəsinin açılması çox mühümdür, bunun həm ictimai-siyasi həm də elmi əhəmiyyəti var, Xüsusilə də Bakı Dövlət Universitetində belə bir fakültəni yaratmaq mümkündür. Qalan dillər isə ümumi filologiyada birləşə bilər”.

Akademik həmçinin vurğuladı ki, təkcə fakültə açılması ilə kifayətlənməməliyik.

Bu sahənin ayrıca universitet səviyyəsinə qaldırılması dilin tədqiqi və tədrisi baxımından yeni imkanlar aça bilər:

“Dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər fonunda ayrıca Azərbaycan dili universitetinin yaradılması məsələsini düşünməliyik. Digər türk dövlətlərində belə bir təcrübə artıq mövcuddur: məsələn, Özbək dili və ədəbiyyatı universiteti var. Bizdə də yaradılmalıdır və bu universitetdə Azərbaycan dili filoloji istiqamətdə öyrənilməklə yanaşı, ideoloji-siyasi, sosial istiqamətdə də tədris aparılmalıdır”.


MANŞET XƏBƏRLƏRİ