3 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində ilk tədbir Sabirabad rayonunda təşkil olunub.
QHT.az xəbər verir ki, Sabirabad Bayraq Muzeyində keçirilən tədbir Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə baş tutub.
Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin yer aldığı sərgi ilə tanış olublar. Sərgidə milli geyim mədəniyyətimizi əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi və özünəməxsus xüsusiyyətləri barədə məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq iştirakçılara milli geyimlərimiz və kəlağayı sənəti haqqında ətraflı məlumat çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında kəlağayının Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biri olduğunu bildirib. O, bu sənət nümunəsinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu vurğulayıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən milli-mənəvi irsin qorunmasına göstərilən diqqət “Vətənimdir Azərbaycan!” layihəsində də öz əksini tapır. Güllü Eldar Tomarlı qeyd edib ki, onun təşəbbüsü ilə yaradılan Kəlağayı Ev Muzeyində qədim kəlağayı nümunələri toplanaraq qorunur. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini əks etdirən dəyərli irs nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək milli geyimlərimizin, xüsusilə kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim edilməsinin, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılmasının, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasının əhəmiyyətindən danışıblar.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Mil-Muğan Regional Təhsil Sektorunun müdiri Mircamal Həşimov, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu, şairələr Lalə İsmayıl və Səringül Sadə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Səlmi Mehtiyeva, H.Z.Tağıyev adına 6 nömrəli şəhər tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şairə Rəqibə Paşayeva (Qəvvas) iştirak ediblər.
Tədbirin bədii hissəsində Nuruş Məmmədli, Murad Hümbətli, Sərxan Baxşıyev və Şamil Ağayev musiqi nömrələri ilə çıxış edərək proqramı daha da zənginləşdiriblər.
Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.
“Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbirlərin Şamaxı və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur.




