Kamal Adıgözəlov
Ölkə rəhbəri İlham Əliyev yeni seçilmiş Milli Məclisin ilk iclasında strateji xarakterli və dərin məzmunlu nitq söyləmişdir. Dövlət başçısının nitqində son illərdə Azərbaycanda həyata keçirilən layihələrin ilkin nəticələri və qarşıda duran mühüm vəzifələr öz əksini tapmışdır. Konseptual xarakterli bu nitqdə yer almış başlıca tezislər Azərbaycanın müstəqil dövlət kimi mövcud vəziyyətini dəqiq təhlil etməklə yanaşı, yaxın perspektiv üçün strateji proqnozlar kontekstində də olduqca əhəmiyyətlidir. Maraqlı və incə məqamlardan biri də ondan ibarətdir ki, İlham Əliyev hazırkı durumu yeni tarixi mərhələ üçün müəyyən etdiyi xarici siyasətin 14 prioritet istiqaməti fonunda təhlil etmişdir. Qısa müqayisələr göstərir ki, dövlət başçısı kifayət qədər ardıcıl, düşünülmüş və sistemli siyasət yeritməklə müstəqil dövlətin qarşıya qoyduğu məqsədlərə çatması yönündə inamla fəaliyyət göstərir. Bu kimi məqamlar kontekstində Prezidentin vurğulanan nitqinin geosiyasi məqamları üzərində dayanmağa ehtiyac vardır.
Xarici siyasətin 14 prioritet istiqaməti və dayanıqlı inkişaf
Prezident İlham Əliyevin yeni tarixi mərhələdə xarici siyasətin 14 prioritet istiqamətini müəyyən edərək həyata keçirməsi ilkin nəticələrini verməkdədir. Bunu həmin istiqamətlərin məzmunu və məqsədləri fonunda son dövrlərdə dövlət başçısının atdığı addımlar təsdiq edir. Bu deyilənləri dövlət başçısının yeni seçilmiş parlamentdə söylədiyi nitqində irəli sürdüyü fikirlərin işığında daha aydın dərk edə bilərik.
İlham Əliyev bəyan etmişdir ki, "Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir". Dayanıqlı inkişaf məsələsi xarici siyasətin 4-cü prioritet istiqamətində Cənubi Qafqaz miqyasında qoyulmuşdur. Orada konkret göstərilir ki, Azərbaycan "Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərini" davam etdirəcək. Milli Məclisdə verdiyi mesajda dövlət başçısı bu prosesin mərkəzində Azərbaycanın dayanıqlı inkişafının durduğunu ifadə etmişdir. Azərbaycan özünün dayanıqlı inkişafı sayəsində bütövlükdə regionu dayanıqlı inkişaf məkanına çevirməkdə qərarlıdır. Yeni tarixi mərhələdə xarici siyasətin regional miqyasda məqsədi baxımından əhəmiyyətli tezisdir. Bakı müəyyən etdiyi prioritet istiqamətləri aydın məntiq, məzmun və məqsədlə həyata keçirir. Milli Məclisdə dövlət başçısının verdiyi bu mesaj dövlətçilik kontekstində də mühüm məna kəsb edir.
Birincisi, Azərbaycan müstəqil və prinsipial xarici siyasətini davam etdirəcək (xarici siyasətin 1-ci prioritet istiqaməti).
İkincisi, bunun əsasında Azərbaycanın dayanıqlı inkişafına nail olunacaq ki, yekunda regional dayanıqlı inkişaf təmin ediləcəkdir (4-cü prioritet istiqamət).
Bu prosesin əsası İkinci Qarabağ müharibəsi və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə qoyulmuşdur. Onların nəticəsində ölkənin tam suverenliyi bərpa edilmişdir. Bununla da Prezident ərazi bütövlüyünün tam bərpa edilməsi ilə suverenliyin tam təmin edilməsi arasında siyasi və geosiyasi bağlantını müstəqil dövlətçilik kontekstində təqdim etmişdir. Prezident ifadə etmişdir: "İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır".
Deməli, İlham Əliyev Vətən müharibəsində əldə edilən nailiyyətlərin geosiyasi aspektdə təməlində tarixi ədalət və beynəlxalq hüququn dayandığını ifadə edir. Bu məqam xarici siyasətin 14 prioritet istiqamətində ana xətt kimi keçir. Ədalətlilik və hüquqilik bütün istiqamətlərin məzmununda öz əksini tapmışdır. Buradan belə qənaətə gəlmək olar ki, İlham Əliyev Vətən müharibəsi və antiterror tədbirlərinin potensial siyasi və geosiyasi imkanlarını öncədən dəqiq görmüşdür və hazırda onların real geosiyasi fayda verməsi istiqamətində konkret addımlar atmaqdadır.
Daxili sabitlikdən beynəlxalq təhlükəsizlik arxitekturasına doğru
Milli Məclisdəki nitqi göstərdi ki, Azərbaycan Prezidenti bu aspektdə həyata keçirdiyi layihələrin dəqiq və tam aydın məzmununu müəyyənləşdirmişdir. Onların 14 prioritet istiqamət kontekstində də əhəmiyyəti çoxdur. İlham Əliyev nitqində qarşıda duran birinci nömrəli vəzifə kimi Azərbaycanın hərbi gücünün artırılmasını göstərmişdir. Bu kontekstdə iki mühüm vəzifə yerinə yetirilməlidir. Onlardan biri yerli hərbi sənaye kompleksinin daha sürətlə inkişaf etdirilməsi, digəri isə hərbi-texniki məhsulların ixrac coğrafiyasını genişləndirməkdir.
Digər mühüm vəzifə kimi Azərbaycan Prezidenti sərhədlərin qorunmasını göstərmişdir. Sərhədlərin qorunması hazırda regionda mövcud olan vəziyyətlə əlaqəlidir. Məsələ onunla bağlıdır ki, Cənubi Qafqazda geosiyasi vəziyyəti qarışdırmağa çalışanlar vardır. Bir tərəfdən, regionda geosiyasi təhlükələr və hibrid təhdidlər artır. Digər tərəfdən isə Ermənistanda revanşist əhvali-ruhiyyə getdikcə yüksəlir. Əlbəttə, rəsmi İrəvanı təhrik edənlər vardır. Ancaq reallıq ondan ibarətdir ki, geosiyasi təhlükələrlə hibrid təhdidlər Ermənistanda artan revanşist abı-hava ilə paralel özünü göstərir. Deməli, onların hamısı eyni mərkəzdən idarə olunur.
Bu baxımdan Azərbaycanın xarici siyasətinin prioritetləri kontekstində bu prosesin necə görünməsi maraq doğurur. Müqayisələr göstərir ki, Azərbaycan Prezidenti bu kimi şərtlər daxilində, faktiki olaraq, xarici siyasət prioritetlərinin 2-7-ci istiqamətlərini sıx qarşılıqlı əlaqədə uğurla həyata keçirir. Həmin istiqamətlər "Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması"nı, "Cənubi Qafqazda davamlı sülhün bərqərar olması"nı, "Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılmasını", "Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması"nı, "Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması"nı və "qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi"ni əhatə edir.
Belə görünür ki, Ermənistanla sülh müqaviləsi Bakının təklif etdiyi prinsiplər üzrə imzalana bilər. Bu, Azərbaycanın beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların prinsiplərinə uyğun siyasət yeritdiyini ifadə edir. Bunların fonunda Prezidentin Milli Məclisdə söylədiyi aşağıdakı fikirlər olduqca əhəmiyyətlidir: "Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər olur və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq, daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır".
Beləliklə, xarici siyasətin vurğulanan istiqamətləri Azərbaycanın daxili sabitliyi əsasında davamlı inkişafını təmin edir. Nəticədə, Azərbaycan daim gücünü artıran dövlətə çevrilmişdir. Əlbəttə, belə dinamik inkişaf kursuna malik bir dövlət kənar təhdidlərə qarşı son dərəcə həssas olmalıdır. Həmin kontekstdə Ermənistanda revanşist qüvvələrin baş qaldırmasına rəsmi Bakı diqqətlə yanaşmaqda tam haqlıdır. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə İrəvanı və havadarlarını xəbərdar etmişdir. Bu xüsusda dövlət başçısının aşağıdakı fikirləri diqqətləri çox çəkir: "Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir ... Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, onların qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qarşı bu çirkin oyun hələ bitməyib. Bizim Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır ... ".
Beləliklə, Prezident geosiyasi təhlükələr və hibrid təhdidlərdən qorunmaq istiqamətini iki qlobal miqyaslı vəzifə ilə birləşdirmişdir. Onlardan biri beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakını təmin etmək, digəri isə Bakının qlobal problemlərin həllində rolunu artırmaqdır.
Vurğuladığımız məqamlar Azərbaycana qlobal səviyyədə xarici siyasətin prioritetləri ilə bağlı da konkret təşəbbüsləri reallaşdırmağa imkan verir.
Azərbaycan və qlobal problemlərin həlli
Ölkənin qlobal problemlərin həllində rolunun artırılması beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında iştirakı ilə sıx bağlıdır. Bu, öz növbəsində, bir neçə faktorun uyğunlaşdırılmasını tələb edir. Onlar strateji tərəfdaşlar və müttəfiqlər dairəsinin genişləndirilməsi, iqtisadi və enerji diplomatiyasının yeni səviyyəyə yüksəldilməsi, "yaşıl enerji" gündəliyinin inkişafı, nəqliyyat və logistika məsələsi, beynəlxalq təşkilatlarda daha fəal iştirak, ksenofobiya və neokolonializmə qarşı daha fəal mübarizə ilə bağlıdır.
Bu özəlliklər Prezidentin Milli Məclisdəki nitqinin müddəalarından və məntiqindən birbaşa alınır. Diqqət etsək, görərik ki, həmin məqamlar yeni tarixi mərhələdə xarici siyasətin 6 prioritet istiqamətinin məzmununda ifadə edilmişdir. Burada əsas məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev Milli Məclisə müraciətində xarici siyasətin vurğulanan istiqamətlərinin siyasi bazasını təşkil edən prinsipləri ümumi formada ifadə etmişdir.
Həmin prinsiplərin təməl istiqamətverici və müəyyənedici şərtini aşağıdakı fikirlər əks etdirir. İlham Əliyev demişdir: "Biz indi – İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək".
Prezident yığcam şəkildə ifadə edir ki, yeni tarixi mərhələdə xarici siyasətin məzmun, mahiyyət və məqsədlərini İkinci Qarabağ müharibəsi və suverenliyin bərpasından sonra yaranmış şərait müəyyən edir. Həmin kontekstdə 4 faktor önəm daşıyır: ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimizin daha da inkişaf etdirilməsi, sərmayə qoyuluşu layihələri və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçirilməsi, Azərbaycanın indiyə kimi mövcud olmadığı bölgələrlə çox ciddi təmasların qurulması.
Bu çərçivədə Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa tam açıqdır. Eyni zamanda, onun da öz prinsipial sərhəd şərtləri mövcuddur. Milli Məclisdəki nitqində dövlət başçısı onları aşağıdakı kimi ifadə etmişdir: " ... Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib ... ".
Deməli, yuxarıda vurğulanan 4 təməl faktorun məzmun və mənaları kontekstində əməkdaşlığın Azərbaycanın dəqiq müəyyən etdiyi şərtləri də mövcuddur. Onları belə qruplaşdırmaq olar: "kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik", "kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, bizi əsassız olaraq ittiham edəcək, hansısa vasitələrlə bizi qaralayacaq", sonra "sanki heç nə olmamış kimi" bizim dostluq etməyimizi gözləyəcək – bu, olmayacaq". Bunun səbəbi ondan ibarətdir ki, "Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib"!
Belə çıxır ki, yuxarıda vurğulanan 4 təməl faktor yeni mərhələdə xarici siyasətin prioritet istiqamətlərinin müəyyən aspektinin konseptual siyasi-diplomatik bazasını təşkil edir və onun 3 şərti mövcuddur ki, onlar fəaliyyətin "çərçivə sərhədləri"ni müəyyən edirlər. Həmin şərtləri müəyyənləşdirən başlıca siyasi faktor Azərbaycanın ləyaqətli və qürurlu dövlət olmasıdır.
Bütün bunların fonunda Prezidentin Milli Məclisdəki nitqində beynəlxalq kontekstə aid olduqca maraqlı 2 məqam-faktı önə çəkməsi çox əhəmiyyətlidir. Onlardan birincisini İlham Əliyev aşağıdakı kimi ifadə etmişdir: " ... Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır ... Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib ... ".
Bu fikirlərdə dövlət başçısı dolğun formada 3 məqamı bir-biri ilə sıx əlaqədə təqdim etmişdir. Onlardan biri Azərbaycanın beynəlxalq nüfuzunun xeyli artması, digəri beynəlxalq mövqelərinin möhkəmlənməsidir. Bunların məntiqi nəticəsi isə bütövlükdə beynəlxalq ictimaiyyətin Azərbaycanı düzgün anlamasıdır. Bununla Azərbaycan tarixi bir irəliləyiş əldə etmişdir: bir çox müstəqillik qazanmış dövlətlər kimi Qərb ölkələrindən asılı deyildir və Bakı üçün "beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir"! Məhz bu nailiyyətin fonunda Prezidentin ikinci arqumenti olduqca yerindədir. Prezident İlham Əliyev Azərbaycanın dövlət olaraq beynəlxalq ictimaiyyətin hörmətini qazandığını təsdiq edən fakt kimi aşağıdakı fikri ifadə etmişdir: " ... COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır ... ".
Müstəqil və prinsipial xarici siyasət kursu davam edir
Azərbaycan Prezidenti parlamentdəki nitqində xarici siyasətin prioritet istiqamətləri kontekstində ifadə etdiyi dolğun və əsaslandırılmış tezisləri ilə daha ümumi səviyyədə bir müddəanı parlament üzvlərinə çatdırmışdır: istənilən şərtlər daxilində Azərbaycan rəhbərliyi siyasi varisliyə əsaslanan xarici siyasət kursunu dayanmadan davam etdirəcəkdir. Məhz bu anlamda Prezidentin Milli Məclisdəki nitqi müəyyən edilən istiqamətlər üzrə atılan addımların ümumi təhlili olmaqla yanaşı, seçilən yolun davamlı olacağının da təsdiqi idi.
Bu baxımdan dövlət başçısı Azərbaycanın beynəlxalq aləmdə daha fəal olacağının mesajını vermişdir. O cümlədən rəsmi Bakının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətində yeni mərhələyə keçid etməsi tamamilə gözləniləndir. Burada, təbii ki, BMT, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı xüsusi yer tutacaqdır. Eyni zamanda, Azərbaycanın BRİCS istiqamətində də ciddi diplomatik addımlar atacağı proqnozlaşdırılır.
Bununla Milli Məclisdə, faktiki olaraq, Azərbaycanın yeni mərhələdə daha geniş təşkilati, coğrafi və geosiyasi miqyasda siyasət aparacağının mesajı verilmişdir. Bu mərhələnin özəlliyi ondan ibarətdir ki, bir tərəfdən, yeni tarixi mərhələ üçün müəyyən edilmiş xarici siyasətin 14 prioritet istiqamətinin inkişaf etdirilməsini, digər tərəfdən isə, məzmun və keyfiyyətcə yeni mərhələnin əsasının qoyulmasını qarşılıqlı əlaqədə ehtiva edir.
Vurğulanan özəlliyin məhz Milli Məclisdə səslənməsinin də əhəmiyyətli siyasi və geosiyasi mənası mövcuddur. Belə ki, bununla Azərbaycan müstəqil dövlət kimi demokratik olduğunu, fəaliyyətinin tamamilə beynəlxalq hüquq normalarına uyğun gəldiyini və mahiyyətcə sosial və humanitar xarakterli olmasını bir daha nümayiş etdirmişdir.
Hazırkı qarışıq geosiyasi situasiyada bu mesajın strateji əhəmiyyəti danılmazdır. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Eyni zamanda, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatının aparıcı dövlətlərindəndir. Bu keyfiyyətdə Bakı həm liderliyini, həm də məsuliyyətini tam dərk edir!
Məsələn, Azərbaycan multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyllərinə qarşı mübarizənin önündədir. Bütün dünyada azərbaycanlıların (ümumi halda türklərin) və hər bir irqdən olan insanların hüquqlarının qorunmasında maraqlıdır. Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsinə isə müvəkkildir!
Beləliklə, Prezident İlham Əliyevin Milli Məclisdəki tarixi nitqi bütövlükdə Azərbaycanın siyasi kursunda yeni hadisədir. Prezident həmin nitqində dövlətin qarşısında duran başlıca məsələləri dəqiqliklə ifadə etmiş və vəzifələri müəyyənləşdirmişdir!