Turan Uğur
AYB-nin üzvü, yazıçı
(esse)
Taksi “Gəncliy” ə aparmır, amma “Dədə Qorqud” a gedir. Bəs ömrün Qorqud çağından ömrün gəncliyinə aparan varmı?
Əvvəla ondan başlayım ki, atamın ən sevdiyi yazıçı Anar idi. Biz uşaq olanda Anarın "Səhra yuxuları", "Yaxşı padşahın nağılı", "Əlaqə", "Dantenin yubileyi" və.s kimi əsərlərinə aşina olmağı dönə-dönə tövsiyə edərdi. Sonra Anarın aşağı-yuxarı bütün əsərlərini oxuduq.Xatırlayıram ki, ağüzlü kirilcə kitabının 1-ci cildində - "Keçən ilin son gecəsi", "Bayram həsrətində", "Asqılıqda işləyən qadının söhbəti", "Mən, sən, o və telefon" və s.hekayələrini gözümüzə təpərək, ciyərimizə çəkərək oxumuşduq.Onda vur-tut 6-da, 7-də oxuyardıq.Göyçay Mərkəzi kitabxanasına üz tutanda, (onda Göyçaylı yazıçı Əli Səmədlinin "Arvan" kitabxanası hələ açılmamışdı) ilkən gözümüz Anarın kitablarını arayırdı.Sonra Anar təkcə atamın deyil, bizim də sevimli yazıçımız oldu.Bu xüsusda vagüzarlığı özündən bizə ötürdü - yəni atadan oğullara, tam doğaldır, tam təbiidir.
Elə Anara da istedad estafetini atası Rəsul Rza və anası Nigar xanım Rəfibəyli ötürmuşdü.Anarın valideynlərini itirəndən dərhal sonra yazdığı "Sizsiz" xatirə-romanı yazıçı istedadının ötürülməsi anlamında bizi çox mətləblərdən agah edir.
Həyat elə gətirdi ki, mən də dəfələrlə Anar haqqında yazdım; 2-3 şeirimi Anara ithafda bulunarkən, həm də "Sətirlər" verilişinin,
2021-ci il, 14 mart buraxılışını da Anara həsr etdik.Film estetikası ilə hazırlanan verilişin ssenarisini yazdım, Anardan, oğlu Tural bəydən, qızı Günel xanımdan müsahibələr aldım. Anarın imzası ilə həm qardaşım, həm də bəndəniz Yazıçılar İttifaqının üzvü olmaq qürurunu daddıq, fərəhini yaşadıq.
Anar - onun şəcərəsi Məmmədxanlılar+Rəfibəylilər nəslinin taleyini və tarixini müfəssəl şəkildə öyrəndiyim yeganə mənbə isə Rafael müəllimin "Rəfibəylilər" kitabı oldu.Yanılmıramsa, 1996-cı ildə nəşr olunmuşdu.Həmin əsəri bir nəslin epopeyası da saymaq olar.Onda bu kitab bizim ailəmizin masaüstü kitabına çevrildi.Akademik
Rafael Hüseynovun bu sanballı, arxiv sənədləri ilə zəngin tədqiqat kitabı ilk baxışda məşhur fransız romançısı Moris Drüonun qalın, səhifəsi 1000-i aşqın tarixi romanlarını andırır.Bu müəzzəm, Drüonsayağı kitab Anarın gəldiyi yolu, onun nəslinin keçdiyi iztirabları gün kimi aydınladırdı.Akademik Rafael Hüseynov Anara sayğısını hərdaim izhar edib, haqqında dəfələrlə yazıb, verilişlər ərsəyə gətirib.
Yazıçının ilk iş yeri olan Nizami adına Ədəbiyyat Muzeyinə, 1960-cı illərin lap əvvəlinə səyahət əla olar.
Muzey ziyarətçilərinin təbiri ilə desək – “Yoldaş Rzayev” in olduqca maraqlı bələdçi olması bizə çox şey anladır.Anarın Radioda qısa dönəm işləməsindən, habelə "Səslər muzeyi" adlı verilişinin keşməkeşli tarixçəsi də maraqlıdır.Ancaq ilk növbədə yollanacağıq Qobustana.Qobustana deyəndə ki, "Qobustan" toplusuna...Elə "toplu" sözü də bizim üçün yenilik idi həmin çağlarda.Bu toplu ana dilimizdə unudulmuş çox sözlərə ehya verəcəkdi.Dərgiyə qarşı olan həmlələrə, süngülərə sinə gərib dözəcəkdi, Anarın sayəsində.Bədxah donosçulara, çuğullara qarşı sözdən zireh düzəldəcəkdi, Anarın sayəsində.Yazıçını "siyasi səbatsızlıq" da suçlayan qaragüruhları susduracaqdı, yenə Anarın sayəsində.
Elə isə Anardan danışmaq istəyirəm, Anardan.Meşin çantasını çiyninə salıb, boynunu yana əyib mərkəzi küçələri dolaşan, bir çiynini dikəldib, o biri çiynini ürəyinə sarı endirən Anardan danışacam.Bəs necə? Baş ürəyə yaxın, həmdəm olmalı ki, yazılanlara Anar deyə biləsən, yozulanlara Anar deyə biləsən.”A” hərfindən danışacam sizə. Ata ilə, ana ilə, Azərbaycanla eyni səsləşən, “aristokratiya” sözü ilə qəribə şəkildə asossiasiya olunan əlifbamızın ilk hərfindən danışacam sizə.”A” hərfi deyib, Anar deyib yazmağa nə var ki?! ”A” hərfini yazıb, ucundan tutub get! ucuzluğa yox, ucalığa, bahalığa.O bahalığa gözlərin qalsın baxa-baxa, axı Anardan danışacam sizə, 88-ə- əlvida, 89-a mərhaba, Anar.Sən, kəşf olunmaz bir ada, Anar...
Anardan danışacam sizə, gəncliyinə getmək istəyən Anardan.O deyyyy taksi dəydi gözümə, nəhs nömrəli olsa da getmək olar.O taksi Anarı gəncliyinə aparacaqmı? “Gənclik” stansiyasına olsa nə var ki, aparar.Amma ömrün gəncliyinə necə, yeniyetməliyinə necə?
13-14 yaşına, Şuşada yazmağa başladığı dönəmə bizi vaxt taksisi aparacaq.
13-14 yaşında yeniyetmə bir oğlan. Şuşadadılar hamılıqla.Darıxır.Neyləməli?
-Oyun oynamalı?
-Yooox.
-Dərs hazırlamalı?
-yox.
Axı dostları, sinif yoldaşları Bakıda qalıblar.
-Bəs neyləsin Anar?
Rəsul Rza daha yaxşısını bilir.”Heç olmaya yol qeydlərini, təəssüratlarını yaz”- deyəcək şairimiz.
Anarın içindəki Dədə Qorqud-u mürgüdən oyansaydı bu cür cavab verərdi.
“Od kimi işıldayıb, ulduz kimi parlayan nədir, ağız dildən bir kəlmə xəbər ver mənə, qara başım qurban olsun atam sənə”
Amma oyanmamışdı, çünki hələ çox cavandır.
Anar Rəsul müəllimi dinləyib təəssüratlarını yazacaqdı.
Şuşadan?- Şuşadan yoox,
Şəkidən? -Şəkidən yoxxx,
Bakıdan?-Bakıdan yoxxx,
Amerika həyatından bir pyes yazacaq.
Yazdığını onlara oxuyacaq, cavab belə səslənəcək:
Heç nə, sən də yazıçı oldun. Deməli, bizi torpaqlarımıza qaytaran, gözəlim Şuşaya qovuşduran qüvvə həm də darıxmağımızdır.O yerlər üçün Bakıda, Bakıda isə o yerlər üçün darıxaq....
Bu məmləkətin ilk Anarı 1938-ci ilin martın 14-də doğulub.
Anar- yəni hər zaman xatırlayar, anar.İtirdiklərini xatırlayar.Doğmalarını, dostlarını: Toğrulu, Yusifi, Vaqifi, Arazı, Emini anar. Onları yada salar.Anarın əsərləri kimi özünü oxuya bilsən, şifrələrlə, parollarla danışarsan mənimlə, gürcü familyasını verib, yox çaşdım, ilahi küləyin-“Kamikadze”-nin ətəyindən sallanıb əlaqə qurarsan Babilistanla, Səhra yuxularından danışanda ağzımın üstündən elə vurarsan ki, amma ağzıma su alıb kirimişcə yerimdə oturmaram. “Çilistan” -deyib yaxşı padşahdan nağıllayaram sənə, sonra da güzgü tutaram üzünə anındaca ərdo sifətini görmüş olarsan: bənizin həmən solar. Daha da cırnayarsan, çəmkirərsən, məni xırpalamağa başlayanda Anar müəllim susdurar səni. Bax beləcə.
“Sizə kimdən deyim, yaxşı padşahdan. Ərənlər belə rəvayət edir ki, əyyami-qədimdə Çilistanda, bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi. Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi”
Padşahın gecə yuxularını qaçıran birələr, taxtabitilər olsun, Sovet dövründə Anarın yuxusunu ərşə çəkən isə ağrılarımız, qayğılarımız.
Məmləkətdə, İttifaqda, külli-aləmdə olan adamyeyən yamyamların eybəcərliklərini Çilistan, Babilistan adlı məçhul ölkələr timsalında göstərən Anar idi, duyan isə biz oxucular.Brejnevin Bakıya gəlişi əsnasında “Kommunist” qəzetində bir məqalə yaz”- deyənlər min tövr bəhanə gətirib, sivişib aradan çıxan, Allahsızlığı bayraq edən bir rejimin ağzının üstündən sillə çəkən yenə yazıçı Anar olsun.
Anardan danışmaq istəyirəm sizə, Anardan...
Anarın ssenarisi əsasında çəkilən
“Torpaq, dəniz, od, səma” bizim 4 Novruz çərşənbəmizlə necə də səsləşir, bunu mən yozdum bu sayaq, Anar müəllim inciməz.Ömrün 4 mərhələsi: çərşənbələrimizin adına ad edilsin.
Əsərdəki Solmaz xalanın sözü
Sovet hökumətinə, nur üzlü nənənin cavabı Anara xub yaraşır. Deyilmi?
Anardan danışacam sizə.
Bu gecə, bu qoca, bu ocaq: Dostlar, bu sətri bir dəfə yazıram, çox təkrarlamağa cürət eləmədiyimdən.Niyə? Axı, çox hallandırsam = olacaq Kəbirlinskiyə.Dantenin yubileyində Feyzulla Kəbirlinski, yadınızdamı?
Anarın ən mağmın, ən avam personajının gözlərindəki kədərə cəmiyyətin natəmizliyi hopub.Gözləyin, əzizlərim tozunu alım o məlul gözlərin. Ona biçarə demir Anar, amma Feyzulla kişinin zamanın artistləri, teatr çıxaranları yanında necə naçar, necə cılız olduğunu əlinin içi kimi göstərir.Bu günün xəbis, xudbin adamları yenə var, deməli, cinbala, tülək xislətli Məcid kimiləri də aramızda “n” qədərdir.Əzizlərim, bir sirri də açım sizə.Kəbirlinskinin sadəlövlüyündən istifadə edən Məcid kimiləri o qədərdir ki, bu dəmdə “n” hərfinin halına acıyası oldum.Çünki mərdimazarların sayı
“n” həddini çoxdan ötüb keçiblər.
“Feyzulla dəvətnaməni alıb baxdı.Doğrudan dadəvətnamədə “ikiadamlıq” sözləri və onun adı, familiyası yazılmışdı:
“Hörmətli yoldaş Feyzulla Kəbirlinski!
Sizi böyük italyan şairi Dante Aligyerinin anadan olmasının 700 illiyinə həsr olunmuş təntənəli yığıncağa dəvət edirik”
Ərini tez-tez azarlayan, ikidəbir onu danlayıb, xəcil edən, fərasətsizliyini, fərsizliyini üzünə vuran Həcərin sonda yuxaya dönən ürəyini Anarın ürəyi sanmalı, sanıb da şərdən saqınmalı, saqınıb da bu misraları dilləndirməli:
Niyə Kəbirlinski,
-biletini basmış kif?
Dante qanrılıb, deyər:
-Qoy verim bircə təklif:
-Anar əla müəllif.
“Sabah yəqin ki, Həcər yenə deyinəcək, söylənəcək.Feyzullanın gününü göy əskiyə düyəcəkdi.Amma bu gün onun könlünü qırmaq istəmirdi.İstəmirdi Feyzulla bilsin ki, düz iki aydır-metro açılandan bəri Həcər hər səhər həmin bu qatarlarla bazara gedib gəlir”
Anardan danışacam sizə, Qobustanda külüng vuran Anardan, fəqət o Qobustanla yanaşı bir də Anar müəllimin “Qobustan”-ı var. 1969-cu ilə qayıtsın müəllifimiz.Bu Qobustandan jurnal “Qobustan” a dönsün, hələ
Əli bəy Hüseynzadənin isminin çəkildiyi yazını çap etdirmək təşəbbüsünə görə ittiham da olunsun.
Anardan danışacam sizə. Bir dəfə deyəcəm, iki dəfə deyəcəm, sonra susacaq telefonunuz. Ölən təkcə insanlar olmur ki, telefonlar da ölür bu dünyada, telefon nədir, telefon nömrələri də.
“Dünən sənin telefonun öldü.Ölən yalnız adamalar olmur ki...Telefon nömrələri də ölür.Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, aya qədər olan məsafəni...”
Aya qədər olan məsafə uzaqdır.Elə 1945-ci ilə kimi də məsafə az deyil.Amma Zemfira hərdaim yanındadır Anarın.Həyat yoldaşı, məktəb yoldaşı, can yoldaşı-yoldaşlığa aid hər şeyin adıdır Zemfira.
Onu sinifdə görəndə qəhər boğsun boğazını, bir hovur gözləməyə səbrin çatmasın.Qapı nagahan açılıb, sinfə girəndə özünə gələrsən.Gözlərinin baxışında dəhliz qurarsan, yeriyəsən o dəhliz boyunca, gedib işğal edərsən qızcığazın məsum gözlərini.Sonra işğal etdiyin ərazini daha da böyütmək qalır sənə.Sevdiyin qızın gözlərindən yanağına, yanağından dodağına keçərsən, görərsən qızartısı işıqforun qırmızı işığına meydan oxuyur, əlini öz üzünə vurarsan, həmən vəziyyətmiş ki..Qızartı qızartını haylayır, qızartı qızartını çağırır.Qırmızılıqdan lalələr adını verərsən bu keçən illərə, onillərə, daha doğrusu 1945-in payızına.
Başa düşərsən ki, ürək çırpışdırmaqdan öncə gərək gözün tutduğu qızın şəklini çırpışdırasan əlaçılar lövhəsindən.Dərslərində əlaçı olmasa da olar, əsas sevgisində əlaçı olsun.Ya ürək çırpışdırmaq, ya istəklinin şəklini.Məncə, ikisi də eyni şeydir. Harda qaldı gəncliyə aparan taksi?
Anarı Gəncliyə mütləq aparan olacaq.Amma ömrün gəncliyinə yox, ömrün Qorqud yaşına. Axı “Gəncliy” ə gedən yol
“Dədə Qorqud” parkından keçir.Olsun!
Anar qələmi ilə, sözü ilə hamıya qalib gəlməyi bacaran ustaddır, hətta özünə də, hətta amansız Zamana da. O, heç vaxt özünü təkrarlamadı, prozanın bütün janrlarında möhtəşəm izlər qoydu.Bunu da yetərli sanmayıb, lətif şeirlər yazdı.Onun "Qorqud dünyası" adlı əsəri Türkün öz və söz manifestinə dönüşdü.Bunu da kafi bilmədi Anar."Dədə Qorqud" filminin ssenarisini yazdı, iki hissəli bədii filmin ekrana çıxmasına müvəffəq oldu.Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi”Üzeyir ömrü”, Mirzə Cəlil ruhuna sayğı amacı ilə “Qəm pəncərəsi” Cavid əfəndinin həyatından bəhs edilən “Cavid ömrü”, Mirzə Fətəliyə ithafən “Sübhün səfiri” kimi bədii filmlərin ssenarisini qələmə aldı. Bu metodla böyük mütəfəlkkirlərimizin ömrünü ekranda yaşatmağa, ədiblərimizə kinematoqrafik pasport verməyə nail oldu.
Bu gün də yazır Anar. "Ədəbiyyat qəzetinin" səhifələrində son illərdə oxuduğum "Kəbirlinskinin son etirafı" və "Qatardan qalan adam" hekayələri sadəcə əladır.
Elə isə dünya durduqca Anardan danışacam sizə, ömrün Qorqud çağına yetmiş Anardan...